
- A-
- A
- A+
Diploma bəstəkar ixtisası yazılır, şair və yazıçı yox – Bu ayrı-seçkiliyin arxasında nə dayanır?
Bu günlərdə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin parlamentdəki çıxışı da yaradıcılıq adamlarının sosial vəziyyəti ilə bağlı danışarkən vurğuladı ki, konservatoriyanı bitirən gənc bəstəkarların iş tapa bilmir, dolanışıq çətinliyi çəkirlər. Təbii ki, bu reallıq təəssüf doğurur. Amma hər halda bir təsəlli yaranır ki, heç olmasa bəstəkarların qarşısında nə vaxtsa öz ixtisaslarına uyğun iş tapmaq, musiqilərini səhnələrdə səsləndirmək ümidi var.
Bəs şair və yazıçılar? Hərçənd bu istedad sahiblərinin də öz Yazıçılar Birliyi, üzvlük vəsiqəsi var. Amma hansı yazarın diplomuna ixtisas olaraq şair ya yazıçı yazılır?
Bu sualları bir neçə yazar və bəstəkara ünvanladıq ya cavab tapılmadı, ya da belə izah edildi ki, bəlkə bəstəkarların konkret olaraq oxuduğu konservatoriya, musiqi akademiyası var, amma yazıçılar ən yaxşı halda filologiya fakültəsini bitirərlər ki, o da konkret sahə deyil. Lakin bu məntiqlə yanaşsaq, ədəbiyyat sahəsində də xüsusi təhsil müəssisələri, yaradıcılıq institutları mövcuddur: məsələn, Rusiyada Maksim Qorki adına Ədəbiyyat İnstitutu, yaxud Özbəkistanda Nizami Gəncəvi adına Daşkənd Universiteti... Axı oranı bitirənlər də diplomda şair ya yazıçı ixtisası qazanmırlar! “Ədəbiyyatşünas”, “ədəbiyyat mütəxəssisi” və s. adlarla təsnifatlandırılır.
Avropa nümunəsinə baxsaq, nisbətən yaradıcı diplomları rast gəlirik, amma onlar da çox fərqlənmirlər. Məsələn, Fransada ədəbi yaradıcılıq üzrə magistratura təhsili var: lakin 2 illik təhsilin sonunda diploma “yazıçı” yazılmır, “master création littéraire” yazılır. Almaniyanın Yena Universitetində “Professional Writing” adlı magistratura təhsilinin diplomu “Master of Arts” dərəcəsi verir. Böyük Britaniyanın Essex Universiteti “Creative Writing” fakültəsini bitirənlər də “Bachelor of Arts” ixtisası alırlar.
Yaxşı, onda bəstəkarlığı digər yaradıcılıq sahələrindən fərqləndirən meyar nədir?
Bu sualın cavabını tapan yoxdur. Halbuki istedadın, yaradıcılığın və peşəkarlığın diplomda əks olunmasına münasibətdə vahid prinsip olmalıdır. Məsələ heç də bəstəkarlığın peşə hesab edilməsinə etiraz etmək deyil. Məsələ yaradıcılıq sahələri arasında fərqli yanaşmanın hansı əsasla tətbiq olunduğunu anlamaqdır.
Başqa bir yanaşma da var ki, “şairlikdən, yazıçılıqdan pul qazanılmır, bəstəkarlıqdan qazanılır deyə, onlarda ixtisas kimi göstərilir”. Bu da kökündən yanlışdır. Ola bilər, bu qazanc istiqaməti Azərbaycanda keçərli deyil. Amma dünyada sırf yazılıçılıqda qazanan və böyük nəşriyyatlara qazandıran saysız yazarlar var.
Mərhum şair Nəriman Həsənzadə sovet vaxtı necə qazanırdı?
Vaxtilə Xalq şairi Nəriman Həsənzadə müsahibələrinin birində deyirdi ki, sovet dövründə bir şeirdən dörd dəfə gəlir əldə etmək mümkün idi: televiziya vasitəsilə səsləndiriləndə, radioda yayımlananda, jurnalda dərc olunanda və başqa dillərə tərcümə ediləndə. Onun fikrincə, indiki dövrdə şairliklə pul qazanmaq əvvəlki qədər mümkün deyil.
Mərhum şairin fikirlərində həqiqət payı kifayət qədərdir. Ancaq məsələyə bir qədər fərqli prizmadan yanaşsaq, görərik ki, bu gün də şeir vasitəsilə qazanc əldə etmək mümkündür. Ramiz Rövşənin yaradıcılığı və ictimai nüfuzu bunun bariz nümunələrindən biridir.
Lakin burada bir incə məqamı da nəzərdən qaçırmayaq: efirlərdə tez-tez görünən, kitab təqdimatlarına və oxucularla izdihamlı imza günlərinə maraq doğuran şairin qazancı heç də həmişə birbaşa şeirin özünün kommersiya dəyərindən qaynaqlanmır. O, daha çox qazandığı tanınmışlığın, ictimai nüfuzun və məşhurluğun hesabına gəlir əldə edir. Başqa sözlə, şair şeiri ilə tanınır, amma çox vaxt məşhurluğu ilə qazanır.
Bütün bu məqamları bir araya gətirəndə belə qənaətə gəlirik ki, yaradıcılıq sahələrinə münasibətdə vahid yanaşmaya ehtiyac var. Bəstəkarlıq nə qədər peşədirsə, şairlik və yazıçılıq da bir o qədər ciddi bilik, bacarıq, zəhmət və peşəkarlıq tələb edən yaradıcılıq fəaliyyətidir. Onların fərqi ifadə vasitələrindədir, yaradıcılığın mahiyyətində deyil.
Şəfiqə Şəfa, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































