Müharibələr, iqtisadi böhran, anomal təbiət hadisələri... – 2027-ci ildə dünyanı gözləyən təhlükələr – Foto

Müharibələr, iqtisadi böhran, anomal təbiət hadisələri... – 2027-ci ildə dünyanı gözləyən təhlükələr – Foto

Hazırda oxunan: Müharibələr, iqtisadi böhran, anomal təbiət hadisələri... – 2027-ci ildə dünyanı gözləyən təhlükələr – Foto
648401
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Britaniyanın nüfuzlu "The Economist" jurnalı 2027-ci ilin qlobal mənzərəsini əks etdirən ənənəvi xüsusi buraxılışının – "The World Ahead 2027" sayının üz qabığını və əsas proqnozlarını ictimaiyyətə təqdim edib.

Bizim.Media xəbər verir ki, illüstrator Kleon Peterson tərəfindən qırmızı, qara və ağ rənglərdə hazırlanan, qlobus formasında detallı kollajdan ibarət olan yeni üz qabığı ənənəyə uyğun olaraq vizual tapmaca xarakteri daşıyır.

 

Üz qabığındakı qlobus təsvirində dünya liderlərinin fiqurları, hərbi texnika, raketlər, peyklər, birja qrafikləri, robotlar və süni intellekt elementləri bir araya gətirilib. Kollajdakə Moskvadakı Spasskaya qülləsi, Çinə simvolizə edən işarələr və Avropadakı etiraz aksiyaları siyasi gərginliyin coğrafiyasını göstərir.


Eyni zamanda, külək turbinləri və alov dilləri iqlim dəyişikliklərini, insanlar və mal-qara siluetləri isə dəyişən istehlak vərdişləri ilə yanaşı, hərbi münaqişələr və qlobal istiləşmə səbəbindən yaranan ərzaq qıtlığı təhlükəsini simvolizə edir.

Nəşrin redaktoru Tom Stendic 2027-ci ili geosiyasi sarsıntılar, maliyyə bazarı təzyiqləri və texnoloji dönüşlər ili kimi xarakterizə edir.

Jurnalın təhlilində üz qabığına uyğun olaraq 2027-ci il üçün 10 əsas proqnoz öz əksini tapıb:

1. Post-Tramp dövrün başlanğıcı və siyasi qeyri-müəyyənlik 

2028-ci il prezident seçkiləri uğrunda mübarizə qızışarkən, ABŞ Konqresində nəzarəti itirən Donald Trampın passiv mövqe tutmayacağı proqnozlaşdırılır. Nəşr onu passiv siyasətçi kimi deyil, daha mübahisəli icra sərəncamları, hüquqi mübahisələr və gözlənilməz xarici siyasi qərarlarla gündəmi silkələyən fiqur kimi təsvir edir. Paralel olaraq gələn il dünya ictimaiyyəti artıq Trampdan sonrakı Amerikanın necə formalaşacağını müzakirə etməyə başlayacaq.

2. İran müharibəsinin qlobal fəsadları 

ABŞ-ın İrana qarşı apardığı müharibənin siyasi və iqtisadi nəticələri 2027-ci il boyunca hiss olunacaq. Münaqişə müttəfiqlərin Vaşinqtona olan etimadını zəiflədib, rəqiblərin isə çəkinmə hissini azaldıb. Bununla yanaşı, müharibə Yaxın Şərqdəki enerji marşrutlarını dəyişdirməklə yanaşı, qlobal bazarda gübrə qıtlığı yaradaraq dünya üzrə ərzaq təhlükəsizliyinə ciddi təhdid formalaşdıracaq.

3. İqlim rekordları və yaşıl enerjiyə keçid 

2027-ci ilin tarixin ən isti ili olacağı, quraqlıqların, meşə yanğınlarının rekord həddə çatacağı gözlənilir. Lakin üz qabığındakı külək turbinləri və alov simvolları qlobal enerji bazarlarındakı qeyri-sabitlik fonunda bərpa olunan enerji mənbələrinə keçid prosesinin daha da sürətlənəcəyinə işarə edir.

4. Süni intellekt bazarında böhran riski 

2027-ci ildə süni intellekt (Aİ) texnologiyalarına qarşı ictimai və siyasi narazılıqların artacağı proqnozlaşdırılır. Nəşr qeyd edir ki, kiberhücumlar və siyasi risklərlə bağlı narahatlıqlar əsaslı olsa da, Aİ-nin iş yerlərini kütləvi şəkildə məhv edəcəyi və ətraf mühitə fəlakətli zərər vuracağı ilə bağlı qorxular müəyyən qədər şişirdilib. Əsl təhlükə isə Aİ şirkətlərinin qeyri-şəffaf maliyyə sövdələşmələri ilə həddindən artıq borclanmasıdır ki, bu da birja qrafiklərində kəskin çöküş riskini artırır.

5. Avropada sağçı populistlərin yüksəlişi 

“The Economist”in proqnozuna görə, Avropa İttifaqında siyasi balansın dəyişməsi ehtimalı yüksəkdir. Xüsusilə Fransada Marin Le Penin 2027-ci ilin aprelində baş tutacaq seçkilərdə qələbəsi birliyin əsas hərəkətverici qüvvəsi olan Fransa-Almaniya tandemini poza və yüksək borc yükü altında olan Fransanın maliyyə sabitliyinə dair narahatlıqları dərinləşdirə bilər.

6. İstiqraz bazarlarında borc təzyiqi 

Hazırda Təkcə Fransa deyil, dünyanın bir çox inkişaf etmiş ölkəsi öz maliyyə imkanlarından artıq pullar xərcləyir. Dövlət istiqrazlarının gəlirliliyinin artması və yığılan borc yükünün ağırlaşması 2027-ci ildə qlobal maliyyə sistemində ciddi qırılma nöqtəsi yarada bilər.

7. Tayvan ətrafında hərbi gərginlik 

Çin lideri Si Cinpinin ordusuna 2027-ci ilə qədər Tayvanı ələ keçirməyə hazır olmaq tapşırığı verdiyi bildirilir. Lakin Ukrayna və İrandakı hərbi əməliyyatlar müasir texnologiyaların, xüsusilə pilotsuz sistemlərin kiçik dövlətlərə böyük güclərə qarşı effektiv müqavimət imkanı verdiyini nümayiş etdirib. Bu amil Pekinin mümkün hərbi planlarına və hesablamalarına birbaşa təsir göstərəcək.

8. İstehlak vərdişlərini dəyişən “Ozempic effekti” 

Arıqlama preparatlarının kütləvi yayılması təkcə səhiyyə sektoruna deyil, qlobal istehlak bazarına da təsir edir. Çəki itirən istehlakçıların geyim, kosmetika və fitnes sahələrinə daha çox vəsait xərcləməsi yeni iqtisadi tendensiya yaradır. Eyni zamanda, bu dərmanların yaşlanma əleyhinə potensial təsirləri əczaçılıq nəhənglərinin uzunömürlülük müalicələrinə marağını yenidən alovlandıracaq.

9. Kosmik uçuşların ucuzlaşması və yeni orbit layihələri 

Üz qabığındakı raket və peyk təsvirləri kosmos sənayesindəki sıçrayışa işarə edir. 2027-ci ildə “SpaceX” şirkətinin “Starship” raketinin müntəzəm peyk buraxılışlarına başlaması ilə kosmik daşımalar kəskin ucuzlaşacaq. Həmçinin ilk özəl kosmik stansiyanın orbitə çıxarılması və kosmosda məlumat mərkəzlərinin (data-center) qurulması ideyasının reallığa çevrilməsi gözlənilir.

10. Hollivudun “yenidən işə salınması” 

Kino və əyləncə sənayesi dərin struktur dəyişikliyi astanasındadır. “Ulduz müharibələri” kimi ənənəvi böyük franşizalar yeni auditoriya qazanmağa çalışarkən, “YouTube”dakı aşağı büdcəli filmlərinin qazandığı uğur Hollivud studiyalarını köhnə istehsal modellərindən imtina edərək format dəyişikliyinə getməyə məcbur edəcək.
 

Qeyd edək ki, "The Economist" jurnalının hər ilin sonunda dərc etdiyi ənənəvi üz qabığı proqnozları ("The World Ahead" silsiləsi) 1986-cı ildən bəri qlobal siyasi, iqtisadi və texnoloji gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Əvvəllər "The World in..." adı ilə çıxan bu xüsusi buraxılışın üz qabığı sadəcə illüstrasiya deyil, qarşıdakı ilin əsas tendensiyalarını, risklərini və geosiyasi aktorlarını özündə birləşdirən vizual tapmaca (rebus) formatında hazırlanır.


Bu üz qabıqlarının dünya mediasında və sosial şəbəkələrdə bu qədər böyük rezonans doğurmasının bir neçə əsas səbəbi var.

Belə ki, üz qabığındakı hər bir detal – liderlərin baxış istiqaməti, birja qrafikləri, hərbi texnika və ya texnoloji simvollar xüsusi məna daşıyır. Oxucular və analitiklər jurnalın redaksiya heyətinin qarşıdakı il üçün hansı "gizli mesajlar" verdiyini çözməyə çalışırlar.

Bundan əlavə, "The Economist" dünyanın ən nüfuzlu analitik nəşrlərindən biri hesab olunur. Jurnalın qlobal prosesləri dərindən təhlil etməsi və keçmiş illərdə bir sıra mühüm hadisələri (məsələn, pandemiya riskləri, enerji böhranları, texnoloji sıçrayışlar) öncədən proqnozlaşdırması onun təhlillərinə ciddi etimad yaradıb.

Ən əsası, nəşrin sahibləri arasında Rotşild və Anyelli kimi nüfuzlu maliyyə və sənaye ailələri var. Bu faktor bəzi dairələr tərəfindən “The Economist”in üz qabıqlarının "proqnoz" deyil, "qlobal elitanın planı" kimi şərh olunmasına gətirib çıxarır.

Müharibələr, iqtisadi böhran, anomal təbiət hadisələri... – 2027-ci ildə dünyanı gözləyən təhlükələr – Foto - foto 1


Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO