
- A-
- A
- A+
Yırtıcı heyvanlar şəhərə qədər gəlib çıxdılar – Onların azad dolaşmasına səbəb nədir?
Son zamanlar vəhşi heyvanlar, xüsusilə çaqqallar, tülkülər, ayılar yaşayış məntəqələrinə getdikcə daha çox yaxınlaşırlar. Bu mənzərə təkcə Azərbaycanda müşahidə olunmur. Sosial şəbəkələrdə region ölkələrində də yırtıcıların kəndlərə, hətta artıq şəhərlərə qədər gəlməsi narahatlıq yaradır. Bəziləri bunu heyvanların meşədə yem tapmaması ilə əlaqələndirir, amma ekoloqlar məsələnin daha dərin olduğunu deyirlər.
Bildirirlər ki, ilk növbədə iqlim amilləri və ekoloji tarazlığın pozulması bu prosesə çox təsir edir.
Amma şablon olsa da həqiqət payı daşıyan bu yanaşma məsələni tam geniş olaraq açmır. Çünki insan texnoloji qabiliyyətə yiyələndən bəri onsuz da ekoloji tarazlıq pozulmuşdu. Buna baxmayaraq vəhşi heyvanlar öz “cunqli”lərinə sadiq qalırdılar.
Bəs indi onları öz dünyalarından, etibarlı sığınacaqları olan meşələrdən nə didərgin salıb?
Problemin təbii tərəfi tarazlığın dəyişməsindədir. Yəni bir ərazidə müəyyən heyvan növlərinin sayının artması, digər növlərin azalmasına səbəb olur. Nəticədə heyvanlar yeni ərazilərə yayılırlar. Bundan başqa, uzunmüddətli quraqlıq, qışın sərtliyi və yaza çıxmayan otyeyənlərin azalması yırtıcıların miqrasiya istiqamətlərini dəyişə bilər. Burası anlaşılandır, hər bir canlınin ilk işi qarnını doyurmaqdır.
Amma təhlükəlisi odur ki, bir zamanlar “Meşəyə insan gəlir” qorxusu ilə yaşayan heyvanlar günümüzdə bu qorxunu tədricən itirirlər. Burada heyvansevərlərin də xüsusi rolunu qeyd etmək laazımdır. Çünki ov edilməsi, heyvanların tutulub sirklərə, zooparklara gətirilməsi artıq məhdudlaşdırıldığı üçün yırtıcılar zamanla insanı özünə təhlükəli düşmən olaraq görmürlər.
İnsanın heyvana olan mərhəməti özünün fəlakətinə çevrilməyə başlayır. Başa düşmürlər ki, ayını sevmək olar, amma o, cizgi filmlərində, yumşaq oyuncaqlarda göründüyü kimi heç də sevimli “toppuş” deyil, insanı ən yaxşı halda şikəst edəcək bir yırtıcıdır!
Boş evlər, səssiz kəndlər, azad dolaşan yırtıcılar
Digər tərəfdən urbanlaşma, yəni şəhərlərə meyilsalma kəndləri boşaldıb vəhşi heyvanların yerini gen elədi. İnsanların azalması ilə heyvanların hərəkətinə mane olan gündəlik fəaliyyət də azaldı. Təsəvvür edin, 20-30 il öncə kəndlərdən gələn odun yaran kişilərin, oynayan uşaqların, yemək bişirən, xalça yuyan qadınların səsindən hürküb ən yaxın meşə zolağında yerləşən kəndlərə belə gələ bilməyən heyvanlar indi buraları tərk etmiş, ya da müasir texnologiyaya qapılıb evlərindən çölə çıxmayan insanların sayəsində azad dolaşırlar.
Yəni, biz boşalan kəndlərə yalnız sosial və iqtisadi problem kimi baxırıq, halbuki onun arxasında getdikcə böyüyən ekoloji dəyişiklik də dayanır: insanın geri çəkildiyi ərazilərdə vəhşi həyat başlayır.
Şəfiqə Şəfa, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































