
- A-
- A
- A+
Ermənistan mətbuatı: "Paşinyanın xarici səfərlərinin məqsədi pul dilənməkdir"
Ermənistanın Baş naziri Nikol Paşinyanın son iki həftə ərzində dövlət büdcəsi hesabına həyata keçirdiyi intensiv xarici səfərlər ölkə daxilində kəskin tənqid olunur.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.
Mənbə qeyd edir ki, Paşinyan noyabrın 3-dən 16-dək Belçika, Fransa, Türkiyə, İrlandiya və Kambocaya səfər edib, həmçinin Hindistanda qısamüddətli dayanacaq edib. Məqalədə vurğulanır ki, Ermənistan vergi ödəyicilərinin hesabına təşkil olunan bu səfərlərin ölkəyə konkret hansı fayda verdiyi və büdcədən nə qədər vəsait xərcləndiyi məlum deyil. Xüsusilə frankofon ölkə olmayan Ermənistanın baş nazirinin Kambocada keçirilən Frankofoniya sammitində iştirakı sual doğurur.
Məsələni nəşrə şərh edən erməni politoloq Beniamin Matevosyan bildirib ki, Paşinyan o qədər tez-tez xarici ölkələrə gedir ki, tezliklə Ermənistana da "rəsmi səfərlə" gələcək.
Politoloqun sözlərinə görə, baş nazirin bu səfərlərdə iki əsas məqsədi var.
Moskvaya mesaj vermək: Rusiya səfərləri ərəfəsində beynəlxalq ictimaiyyətin dəstəyinə malik olduğunu nümayiş etdirmək. Lakin ekspert bunun Rusiya Prezidenti Vladimir Putinin mövqeyinə təsir etməyəcəyini düşünür.
Maliyyə vəsaiti tapmaq: Rusiyanın tətbiq etdiyi sanksiyalar və qazın qiymətinin kəskin bahalaşması nəticəsində Ermənistan iqtisadiyyatı ağır vəziyyətə düşüb və ölkəyə 1,5–2 milyard dollar həcmində ziyan dəyib.
Matevosyan əlavə edib ki, hakim komanda ölkədəki ağır iqtisadi vəziyyəti və kənd təsərrüfatı məhsullarının alışı ilə bağlı yaranan böyük problemləri gizlətməyə çalışsa da, Paşinyan məhz bu boşluqları doldurmaq üçün xaricdən pul axtarır. Lakin Avropa İttifaqı İrəvanı anti-Rusiya siyasətinə görə təşviq etsə də, ona real maliyyə vəsaiti ayırmağa hazır deyil.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































