İçərişəhər piyadalaşdırılır - Yeni model avtomobillər üçün nə vəd edir?

İçərişəhər piyadalaşdırılır - Yeni model avtomobillər üçün nə vəd edir?

Hazırda oxunan: İçərişəhər piyadalaşdırılır - Yeni model avtomobillər üçün nə vəd edir?

639201

İçərişəhərdə piyadaların hərəkət imkanlarının genişləndirilməsi ilə bağlı tədbirlər görülməsi planlaşdırılır. Hazırda ərazidəki 7,5 kilometrlik yolun təxminən yarısının piyada yoluna ayrıldığı bildirilir. Qarşıda duran əsas məsələ isə mövcud piyada zolaqlarının şəhərin tarixi mərkəzində təhlükəsiz və rahat hərəkət üçün kifayət edib-etməməsidir.

Bəs İçərişəhərdə piyada zonaları hansı prinsiplə artırılmalıdır?

Mövzu ilə bağlı Bizim.Media nəqliyyat eksperti Adil Nəbiyevin fikirlərini öyrənib. Onun sözlərinə görə yalnız kilometr göstəricisinə əsaslanaraq piyada əlçatanlığının kifayət qədər təmin edildiyini söyləmək düzgün olmaz:

“Əsas məsələ piyada yollarının nə qədər olması ilə yanaşı, onların bir-biri ilə necə əlaqələndirilməsi, fasiləsiz piyada şəbəkəsinin yaradılması və səkilərin real olaraq piyadaların istifadəsində qalmasıdır. Piyada yollarının avtomobillərin parklanması ilə zəbt edilməməli, hərəkət məhdudiyyətli şəxslər, yaşlılar və uşaq arabası ilə hərəkət edən insanlar üçün əlçatanlıq təmin olunmalıdır.
 

İçərişəhərdə piyada zonalarının artırılması ilk növbədə turist və sakin axınının daha çox olduğu istiqamətlər, tarixi abidələr, muzeylər, ictimai məkanlar, metro stansiyasından əsas turizm obyektlərinə aparan marşrutlar və insanların daha çox toplaşdığı küçələr arasında vahid piyada dəhlizlərinin yaradılması prinsipi ilə həyata keçirilməlidir.


Yəni ayrı-ayrı küçələrin sadəcə avtomobillərə bağlanması deyil, bir-birinə bağlı, rahat və təhlükəsiz piyada şəbəkəsinin formalaşdırılması daha səmərəli yanaşmadır. Burada işıqlandırma, istiqamətləndirici nişanlar, istirahət nöqtələri, kölgələndirmə, təhlükəsiz keçidlər, səki örtüyünün keyfiyyəti və xüsusi ehtiyaclı şəxslər üçün uyğun həllər də nəzərə alınmalıdır”.

Dünya təcrübəsində tarixi mərkəzlərdə tətbiq olunan yanaşmalardan biri də müəyyən saatlarda avtomobil girişinin məhdudlaşdırılmasıdır

A.Nəbiyev bildirir ki, İçərişəhərdə yaşayan sakinlərin, təcili tibbi yardımın, yanğınsöndürmə və digər xüsusi xidmətlərin, kommunal xidmətlərin, zəruri yükdaşımanın, eləcə də hərəkət imkanları məhdud şəxslərin giriş imkanları qorunmalıdır.

“Mal və məhsulların obyektlərə çatdırılması səhər müəyyən edilmiş vaxt intervalında həyata keçirilə, günün turist və piyada hərəkətinin intensiv olduğu hissəsində isə avtomobil girişi minimuma endirilə bilər. Digər mühüm məsələ parklanmadır. Avtomobil İçərişəhərin daxilinə daxil olur və uzun müddət orada dayanırsa, onsuz da məhdud olan küçə sahəsinin böyük hissəsini tutur. Buna görə ərazinin girişlərinə yaxın nöqtələrdə parklanma imkanlarının düzgün təşkili, “park et və piyada davam et” prinsipinin tətbiqi, sakinlər üçün xüsusi giriş rejiminin yaradılması və icazəsiz tranzit hərəkətin qarşısının alınması məqsədəuyğun ola bilər.

Avtomobillərin məhdudlaşdırılmasının nəqliyyat sıxlığına təsirinə də kompleks yanaşmaq lazımdır.
 

İçərişəhərin daxilində avtomobil sayına məhdudiyyət düzgün planlaşdırılmasa, həmin avtomobillər sadəcə ətraf küçələrə yönələr və nəticədə Azneft dairəsi, Neftçilər prospekti, İstiqlaliyyət küçəsi və İçərişəhərə yaxın digər yol sahələrində əlavə nəqliyyat yükü yarana bilər. Buna görə qərardan əvvəl avtomobillərin haradan gəldiyi, hara getdiyi, nə qədərinin tranzit olduğu, nə qədərinin sakinlərə və obyektlərə xidmət etdiyi öyrənilməli, alternativ marşrutların və parklanma imkanlarının buraxılış qabiliyyəti hesablanmalıdır”.


Ekspert hesab edir ki, İçərişəhər adi avtomobil magistralı deyil, Azərbaycanın tarixi və mədəni irsinin ən mühüm məkanlarından biridir və burada nəqliyyatın təşkili də məhz bu xüsusiyyətə uyğun qurulmalıdır.

Qeyd edək ki,  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud APA və “Xəzər” TV-yə birgə müsahibəsində Qız qalasına çatan və Neftçilər prospektindən başlayan yol inklüziv yol olaraq təşkil olunduğunu və bunun davamının planlaşdırıldığını açıqlayıb. Məqsədin bütün ərazini avtomobillər üçün bağlamaq deyil, sakinlərin ehtiyaclarını nəzərə alan düzgün piyadalaşdırma modeli olduğu vurğulanıb.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO