
- A-
- A
- A+
Nazir müavini: “Şagird sıxlığına valideynlərin məktəb seçimi istəyi təsir göstərir”
“Siniflərdə şagird sıxlığı problemi var. Burada obyektiv səbəblər var, Bakı, Sumqayıt, Abşerona olan köç məsələsini biz başa düşürük”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən deyib.
Nazir müavini qeyd edib ki, şagird sıxlığına valideynlərin məktəb seçimi ilə bağlı istəkləri də təsir göstərir:
"Biz bunu idarə edə bilmirik, təbii ki. Valideyn öz uşağının mütləq hansısa sinifdə və məktəbdə oxumalı olduğuna qərar verir. Ola bilər ki, qonşu məktəbdə daha az sıxlıq var, amma o, öz uşağını ora göndərmir. Yəni bu məsələ bir balaca mübahisəlidir. Son illərdə Bakı, Abşeron və Sumqayıtda sıxlıqla bağlı həll yollarımız var, yeni məktəblər tikilir. Təbii ki, bu, yetərli deyil".
O, məktəblərdə psixoloq sayının az olması məsələsinə də münasibət bildirib:
"Bilirsiniz ki, Nazirlər Kabinetinin psixoloq ştatlarının ayrılması ilə bağlı qərarı var. Təbii ki, bu yetərli deyil, çünki min nəfərə cəmi bir psixoloq düşür. Eyni zamanda, bizim məktəblinin dostlu layihəmiz var. 400 məktəbdə bu işləri görürük".
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































