
- A-
- A
- A+
Çin casusundan başqa qadınlarla da münasibətdə olub... – Qalmaqallı xəyanət işində yeni detallar
Nvidia şirkətinin baş direktoru Censen Huanla bağlı qalmaqalda yeni detallar üzə çıxıb.
Bizim.Media “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Huan həmtəsisçisi olduğu şirkətin rəhbəri vəzifəsindən istefa verib.
Qərar onun şəxsi həyatı ilə bağlı ortaya çıxan qalmaqallardan və ABŞ xüsusi xidmət orqanlarının mümkün xarici kəşfiyyat əlaqələri ilə bağlı araşdırmalarından sonra qəbul edilib.
Belə ki, “The New York Times” nəşri Censen Huanın ABŞ kəşfiyyatının Çin casusu olduğundan şübhələndiyi biznesmen qadınla münasibətdə olduğunu yazıb. Pekin isə bu iddiaları rədd edib.
Bundan başqa, Nvidia əməkdaşları şirkət rəhbərinin birbaşa tabeliyində çalışan digər qadınla da münasibətdə olduğunu bildiriblər.
Qeyd edək ki, Nvidia şirkəti dünən yaydığı açıqlamada Huana məxsus istefanın dərhal qüvvəyə mindiyini bildirib. Şirkətin 2013-cü ildən maliyyə direktoru və icraçı vitse-prezidenti olan Kolet Kress müvəqqəti baş direktor təyin edilib.
Şirkət yeni daimi rəhbər vəzifəsinə həm daxili, həm də kənar namizədlərin nəzərdən keçiriləcəyini açıqlayıb. Eyni zamanda, Nvidia tarixində ilk dəfə idarə heyətinin sədri vəzifəsi yaradılıb və bu posta Harvi Cons təyin edilib.
Qalmaqal və araşdırmalar
Xatırladaq ki, Huan həftənin əvvəlində əməkdaşlarına ünvanladığı məktubda həyat yoldaşına xəyanət etdiyini etiraf edərək üzr istəyib. O, hərəkətlərinin həyat yoldaşına və övladlarına zərər verdiyini bildirib.
ABŞ kəşfiyyatının araşdırmasına görə, Huana yaxın münasibətdə olduğu bildirilən, Megaspeed şirkətinin keçmiş rəhbərlərindən olan Alis Huan (Huan Le) Pekinə məlumat ötürməkdə şübhəli bilinir.
Nvidia daha əvvəl şirkət rəhbərinin xarici kəşfiyyat əməliyyatının hədəfi olub-olmadığını araşdırdığını bildirmişdi. Şirkət milli təhlükəsizliyə və ya kommersiya sirlərinə zərər dəydiyi iddialarının əsassız olduğunu açıqlasa da, araşdırmanın davam etdiyini qeyd etmişdi.
ABŞ Prezidenti Donald Trampın da məsələdən xəbərdardır. Tramp son açıqlamalarında Huana dəstəyini ifadə edib və onun Nvidia-da gördüyü işi yüksək qiymətləndirib. O, hətta şirkətin yeni rəhbəri vəzifəsinə “Apple”ın keçmiş baş direktoru Tim Kukun namizədliyini irəli sürüb.
Digər tərəfdən, ABŞ Konqresinin hər iki partiyasından olan parlamentarilər məsələ ilə bağlı əlavə araşdırmalar aparılmasını tələb edirlər.
Qalmaqal fonunda Nvidia-nın səhmləri cümə axşamı ticarət sessiyasını 4 faizdən çox itki ilə başa vurub.
Analitiklər hesab edirlər ki, baş verənlər təkcə Nvidia-nın gələcək rəhbərliyi üçün deyil, bütövlükdə süni intellekt sənayesi üçün ciddi sınaqdır. Xüsusilə, Çinlə mümkün kəşfiyyat əlaqələri barədə iddiaların ABŞ-ın qabaqcıl texnologiyaların ixracına nəzarəti daha da sərtləşdirməsi ilə nəticələnə biləcəyi ehtimal olunur.
Qeyd edək ki, Censen Huan 1993-cü ildə Kris Malaxovski və Körtis Primlə birlikdə Nvidia şirkətini təsis edib və həmin vaxtdan etibarən ona rəhbərlik edib. Onun rəhbərliyi dövründə Nvidia süni intellekt texnologiyalarının inkişafı üçün əsas hesablama çiplərini istehsal edən dünyanın ən böyük texnologiya şirkətlərindən birinə çevrilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































