İranda yoxsulluq son həddə çatıb - İnsanlar borclarını ödəmək üçün böyrəklərini satırlar - Foto

İranda yoxsulluq son həddə çatıb - İnsanlar borclarını ödəmək üçün böyrəklərini satırlar - Foto

Hazırda oxunan: İranda yoxsulluq son həddə çatıb - İnsanlar borclarını ödəmək üçün böyrəklərini satırlar - Foto
647555
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranda dərinləşən iqtisadi böhran, artan yaşayış xərcləri, aşağı əməkhaqları və yığılıb qalan borclar vətəndaşları çıxılmaz vəziyyətə salıb. Paytaxt Tehran küçələrində böyrəyini, qaraciyər toxumasını və sümük iliyini satmaq istəyən insanların elanlarının çoxalması ölkədəki sosial-iqtisadi vəziyyətin ağırlığını ortaya qoyur.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, İranın Əmək Xəbərləri Agentliyinin (ILNA) apardığı araşdırmaya görə, Tehranın mərkəzində yerləşən Fərhəng Hüseyni küçəsi yerli sakinlər arasında “Böyrək küçəsi” kimi tanınmağa başlayıb.

Ərazidəki divarlara, metal qapılara və binalara orqanlarını satmaq istəyən şəxslərin əlaqə nömrələri yazılır.

Yaxınlıqda böyrək xəstələrinə dəstək göstərən xeyriyyə təşkilatının və tibb mərkəzinin yerləşməsi orqan axtaranlarla onları satmaq istəyənlərin bu ərazidə cəmləşməsinə səbəb olub. Elanlarda yalnız böyrək deyil, qaraciyər toxuması və sümük iliyinin satışı da təklif olunur.
 

ILNA-nın danışdığı şəxslər arasında 30 yaşlı motosikletli kuryer də var. Sifariş çatdırmaqla dolanışığını təmin edən gənc yığılıb qalan borclarını ödəmək üçün böyrəyini satmağa qərar verdiyini bildirib.


Onun sözlərinə görə, böyrəyi müqabilində 1,5 milyard tümən təklif edilib. Sığorta hesabına verilə biləcək əlavə 200 milyon tümən də nəzərə alınsa, əldə edəcəyi məbləğ belə borclarını bağlamağa kifayət etməyib.

Bu səbəbdən təklifi qəbul etməyən gənc böyrəyi üçün ən azı 3,5 milyard tümən istədiyini bildirib.

Agentliyin məlumatına görə, başqa bir vətəndaş isə sümük iliyinin satışı üçün 4 milyard tümən tələb etdiyini açıqlayıb.

Gənc işçi yalnız sümük iliyi ilə kifayətlənməyərək böyrəyini və qaraciyər toxumasını da satmaq üçün elan verdiyini açıqlayıb. O, tibbi müayinələrdən keçdiyini və bununla bağlı zəruri sənədlərinin olduğunu qeyd edib. İşçi orqanlarını satmaq qərarının əsas səbəbinin dolanışıq çətinliyi olduğunu vurğulayıb.

İqtisadi böhranın təsirinə məruz qalan digər şəxs isə təxminən 58 yaşlı fərdi sahibkardır. O, qarşılıqsız çıxan çek səbəbindən 700-800 milyon tümən borcunun yarandığını və bu borcu bağlamaq üçün orqanlarından birini satmağa hazır olduğunu bildirib.

Təcili pula ehtiyacı olduğunu deyən kişi alıcı tapmaq məqsədilə tələb etdiyi qiyməti 20-30 faiz aşağı salmağa da razı olduğunu ifadə edib.

Araşdırmada İranda əhalinin gəlirləri ilə yaşayış xərcləri arasındakı kəskin fərq də diqqət çəkib.

ILNA-nın məlumatına görə, ölkədə minimum əməkhaqqı ilə çalışan işçilərin əlavə ödənişlər də daxil olmaqla aylıq gəliri 20-30 milyon tümən arasında dəyişir. Müstəqil əmək hüquqları müdafiəçilərinin hesablamalarına əsasən isə dörd nəfərlik ailənin əsas ehtiyaclarını ödəməsi üçün ayda təxminən 100 milyon tümən tələb olunur.
 

Bu göstəricilərdən aydın olur ki, bir ailənin minimum yaşayış xərcləri aşağı əməkhaqqı ilə çalışan şəxsin aylıq gəlirindən 3-5 dəfə çoxdur. Müvəqqəti və mövsümi işlərdə çalışanların isə sabit gəlir əldə edə bilməməsi maddi çətinlikləri daha da dərinləşdirir.


İran parlamentinin Sosial Məsələlər Komissiyasının sədri Əli Babayi Karnamei noyabrın 8-də açıqlamasında təxminən 8 milyon insanın ifrat yoxsulluq və qeyri-kafi qidalanma şəraitində yaşamağa məcbur qaldığını bildirib.

Onun sözlərinə görə, daha 50 milyon nəfər qida ehtiyaclarını qarşılamaqda çətinlik çəkir.

İranda orqan satışına dair elanlar yeni hadisə deyil. Lakin son araşdırma göstərir ki, artıq işləyən insanlar da borclarını ödəmək və yaşayış xərclərini qarşılamaq üçün orqanlarını satışa çıxarmağa məcbur olurlar.

Ölkədə böyrək donorluğu müqabilində ödənişə icazə verən tənzimlənən sistem mövcuddur. Bununla belə, küçələrdə yerləşdirilən elanların hamısının qanuni və tibbi nəzarət altında həyata keçirildiyini söyləmək mümkün deyil. Elanlarda göstərilən qiymətlər də faktiki satış məbləğlərini deyil, satıcıların tələb etdiyi vəsaiti əks etdirir.

İranda yoxsulluq son həddə çatıb - İnsanlar borclarını ödəmək üçün böyrəklərini satırlar - Foto - foto 1
İranda yoxsulluq son həddə çatıb - İnsanlar borclarını ödəmək üçün böyrəklərini satırlar - Foto - foto 2
İranda yoxsulluq son həddə çatıb - İnsanlar borclarını ödəmək üçün böyrəklərini satırlar - Foto - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO