
- A-
- A
- A+
Xəstə yatağında ifa etdiyi mahnı ölümündən sonra yayımlandı – Video
U2 musiqi qrupu əfsanəvi amerikalı müğənni Dolli Partonun sonuncu studiya yazısı hesab edilən mahnısını yayımlayıb.
Bizim.Media xəbər verir ki, mahnı noyabrın 13-də işıq üzü görən U2 qrupunun 16-cı studiya albomu “Carnaval De Luz”a daxil edilib və albomun sonuncu kompozisiyasıdır.
U2-nun solisti Bono “Rolling Stone” jurnalına müsahibəsində “Torn” mahnısının ərsəyə gəlməsi barədə danışıb. Onun sözlərinə görə, Parton xəstələndiyi dövrdə belə mahnını ifa etmək üçün yatağından qalxıb.
“Bunu mahnıda hiss etmək mümkündür. İndi mən həmin ifaya qulaq asa bilmirəm”, – deyə Bono bildirib.
O, əvvəlcə irland xalq musiqisindən ilhamlanan fərdi layihə çərçivəsində “Jolene” mahnısının ifaçısı ilə əməkdaşlıq etmək istədiyini söyləyib. Lakin sonradan onlar “Torn” mahnısı üzərində işləməyə qərar veriblər.
Bononun sözlərinə görə, Parton ilkin təklifi dinlədikdən sonra mahnının onun üçün bir qədər yad üslubda olduğunu deyib və əvəzində özünün “Torn” adlı kompozisiyasını təklif edib.
“O mahnını bütün qəlbi ilə oxudu. İfanı dinləyərkən onun 80 yaşlı qadın olduğuna inanmaq çətindir. Belə bir şəxsiyyətlə bu qədər yaxın yaradıcılıq təcrübəsi yaşamaq çox təsirlidir. Mahnıları ilə xatırladığımız birinin bu dünyada olmadığı gerçəyi insanı dərindən düşündürür”.
U2 qrupunun prodüseri Qaret “Ceknayf” Li də Partonun duetinin yekun versiyasını çox bəyəndiyini bildirib. Onun sözlərinə görə, müğənni vokalından və səsyazma prosesinin nəticəsindən məmnun qalıb.
“Onun mahnını bəyənməyəcəyindən və ya özünü narahat hiss edəcəyindən ehtiyat edirdik. Lakin o, nəticədən çox məmnun qaldı”, – prodüser qeyd edib.
Xatırladaq ki, Dolli Parton bu ilin avqust ayında 80 yaşında vəfat edib. Parton musiqiçi, bəstəkar, xeyriyyəçi, aktrisa, dramaturq və yazıçı kimi yetmiş ildən artıq davam edən fəaliyyəti ilə milyonlarla insanın sevgisini qazanıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































