Maşını sığortaladı, qəza oldu, pulunu ala bilmədi – “Atəşgah”la müştəri arasında QALMAQAL

Maşını sığortaladı, qəza oldu, pulunu ala bilmədi – “Atəşgah”la müştəri arasında QALMAQAL

Hazırda oxunan: Maşını sığortaladı, qəza oldu, pulunu ala bilmədi – “Atəşgah”la müştəri arasında QALMAQAL

634366

“Atəşgah” sığorta şirkəti ilə bağlı redaksiyamıza şikayət daxil olub. Şikayətçi, nəqliyyat eksperti Adil Nəbiyev Bizim.Media-ya müraciətində qeyd edib ki, avtomobilini sığortalayarkən onun xüsusi təyinatlı təlim avtomobili olduğunu sənədlərdə açıq şəkildə göstərib. Lakin qəza baş verdikdən sonra  “Atəşgah” sığorta şirkətinin ödənişdən imtina etdiyini iddia edib.

Adil Nəbiyevin sözlərinə görə qəza baş verdikdə əlavə stress və maddi yüklə üzləşməsin deyə KASKO sığortasına üz tutub və pulunu əvvəlcədən ödəyib Lakin qəza baş verdikdən sonra ödənişin alınması prosesi uzun, yorucu və mübahisəli olub. Qeyd edib ki, hətta onunla yanaşı digər sürücülərin də ən çox narazılıq etdiyi məsələlərdən biri məhz budur.

A.Nəbiyev “Atəşgah” sığorta şirkəti ilə bağlı yaşadığı problemi də bu kontekstdə izah edib:

“Avtomobil üçillik KASKO sığortasına cəlb edilərkən texniki sənədlərdə onun xüsusi təyinatlı təlim avtomobili olması açıq şəkildə göstərilib. Sığorta şirkəti müqaviləni bağlayıb və sığorta haqqının ödənilməsini tələb edib. Belə olan halda qəza baş verdikdən sonra həmin avtomobilin təlim avtomobili olması ödənişdən imtina üçün əsas kimi irəli sürülüb.

Ekspert deyib ki, şirkətin bu mövqeyinə etiraz edərək Azərbaycan Mərkəzi Bankına müraciət edəcəyini bildirdikdən sonra ödənişlə bağlı başqa əsas irəli sürülüb. Bu dəfə mübahisə qəza zamanı avtomobilin toxunduğu maneə ilə bağlı yaranıb:

“Əvvəl əsas problem avtomobilin təlim maşını olması idisə, sonradan mübahisə maneənin özü ilə bağlı məsələyə keçib. Yəni bir əsas aradan qalxan kimi ödəniş etməmək üçün növbəti əsas ortaya çıxarılıb”.

Şikayətçi əlavə edib ki, avtomobil əvvəllər də eyni şirkətdə KASKO ilə sığortalanıb və əvvəlki sığorta hadisələri üzrə ödənişlər həyata keçirilib. Amma avtomobilin təyinatı əvvəlki hadisələr zamanı problem yaratmayıb.

A.Nəbiyev qəza hadisəsindən sonra qəza komissarının hadisə yerinə təxminən iki saat gec gəlməsindən və telefon əlaqəsində yaranan problemlərdən də narazılıq edib:

“Əlbəttə ki, sığorta şirkətinin hadisənin səbəblərini araşdırmaq və mümkün dələduzluq hallarını yoxlamaq hüququ var. Lakin bu proses müştəridə istintaqda dindirilirmiş kimi təəssürat yaratmamalıdır”.

Şikayətçi ondan videoformatda izahat alınması zamanı videonun hansı məqsədlə çəkildiyinin, harada saxlanılacağının, kimlərin ona çıxışının olacağının və hansı hüquqi əsasla istifadə ediləcəyinin müştəriyə əvvəlcədən izah edilməli olduğunu bildirib:

“Sığorta şirkətləri ilə vətəndaşlar arasında imkan fərqi nəzərə alınmalı və istehlakçıların hüquqlarının qorunması üçün nəzarət gücləndirilməlidir. Bir tərəfdə hüquqşünasları, ekspertləri, daxili prosedurları və maliyyə imkanları olan böyük şirkət, digər tərəfdə isə qəzadan yenicə çıxmış, avtomobili zədələnmiş və gündəlik həyatını davam etdirməyə çalışan vətəndaş dayanır. Buna görə tənzimləyici nəzarət elə qurulmalıdır ki, sığorta şirkətinə əsassız süründürməçilik sərf etməsin.

Ödənişin əsassız gecikdirilməsi, ziddiyyətli imtina səbəblərinin irəli sürülməsi və ya istehlakçının hüquqlarının sistemli pozulması təsdiqlənirsə, buna uyğun ciddi məsuliyyət mexanizmləri tətbiq edilməlidir. Sığorta şirkətindən tələbim imtina qərarının ümumi ifadələrlə deyil, müqavilənin konkret bəndi, hadisə üzrə konkret faktlar və hüquqi əsaslarla müştəriyə təqdim edilməsidir”.

O, həmçinin icbari avtomobil sığortası üzrə əmlaka dəyən zərərin ödəniş limitinin müasir təmir xərclərinə uyğunluğunun yenidən qiymətləndirilməsinin vacib olduğunu qeyd edib:

“Müasir avtomobildə bir fara, radar, kamera, təhlükəsizlik sistemi və ya bamperin dəyişdirilməsi belə minlərlə manata başa gələ bilər. Buna görə sığorta təminatlarının və limitlərinin bazardakı real təmir xərcləri ilə uyğunluğu mütəmadi qiymətləndirilməlidir”.

A.Nəbiyev hesab edir ki, KASKO və icbari sığorta üzrə şikayətlərin statistikası daha şəffaf açıqlanmalı, şirkətlər üzrə daxil olan şikayətlərin sayı, əsaslandırılmış şikayətlərin payı, ödənişdən imtina göstəriciləri və ödənişlərin orta müddəti ictimaiyyət üçün əlçatan olmalıdır.

Məsələ ilə bağlı mövqeyini almaq məqsədilə “Atəşgah” sığorta şirkətinə sorğu ünvanladıq.

Şirkətdən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki, avtomobilin təlim məqsədilə istifadə olunması səbəbindən sığorta ödənişindən imtina edilməyib:

“Sözügedən avtomobil KASKO sığortası ilə təmin olunub və baş vermiş hadisə ilə bağlı şirkət tərəfindən  araşdırma aparılıb. Araşdırma zamanı sığortalı tərəfindən hadisə ilə bağlı ilkin olaraq avtomobilin qarajda olduğu zaman naməlum şəraitdə zədələndiyi barədə məlumat təqdim edilib.
 

Lakin hadisə üzrə aparılmış araşdırma, qəza komissarının baxışı və ekspert rəyinə əsasən, avtomobildəki zədələrin bildirildiyi şəraitdə, yəni qarajda baş verməsi ilə bağlı uyğunsuzluqlar müəyyən edilib. Sonrakı mərhələdə sığortalı tərəfindən də hadisənin ilkin təqdim edilən məlumatdan fərqli şəraitdə baş verdiyi təsdiqlənib. Bu səbəbdən sığorta ödənişindən imtina avtomobilin təlim məqsədilə istifadə olunması ilə əlaqədar deyil. Ödənişlə bağlı qərarın əsasını hadisənin başvermə şəraiti barədə sığortaçıya təqdim edilmiş məlumatlarla aparılmış araşdırmanın nəticələri arasında müəyyən edilmiş uyğunsuzluq təşkil edir.


Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkəti sığorta hadisələri üzrə qərarları təqdim olunan sənədlər, aparılmış araşdırmalar, ekspertiza nəticələri və sığorta müqaviləsinin şərtləri əsasında qəbul edir. Şirkət müştərilərinin hüquq və maraqlarına hörmətlə yanaşır və hər bir müraciətin obyektiv, sənədlərə və faktlara əsaslanan şəkildə araşdırılmasını əsas prinsip kimi qəbul edir”, - deyə şirkətdən bildirilib.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO