
- A-
- A
- A+
Bəzi dərmanlar kişilərdə süd vəzi böyüməsinə səbəb olur – Həkimdən xəbərdarlıq
Kişilərdə süd vəzi nahiyəsinin böyüməsi cəmiyyətdə bəzən yalnız estetik problem kimi qəbul edilsə də, bu vəziyyətin arxasında hormonal dəyişikliklər, müəyyən xəstəliklər və digər amillər dayana bilər. Tibbdə ginekomastiya adlandırılan bu hal müxtəlif yaş dövrlərində müşahidə olunur və bəzi hallarda öz-özünə geriləsə də, müəyyən vəziyyətlərdə tibbi və ya cərrahi müdaxilə tələb edə bilər.
Bizim.Media Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, plastik, rekonstruktiv və estetik cərrah Tale Qasımov ginekomastiyanın yaranma səbəbləri, digər oxşar vəziyyətlərdən fərqi, diaqnostikası və müasir müalicə üsulları barədə fikirlərini bölüşüb.
Həkim bildirib ki, ginekomastiya kişilərdə süd vəzi nahiyəsində vəzili toxumanın xoşxassəli çoxalması və böyüməsidir:
“Gündəlik dildə bu vəziyyət kişilərdə döş böyüməsi kimi tanınır. Böyümə bir tərəfdə və ya hər iki tərəfdə müşahidə oluna bilər. Bəzən gilə və onun ətrafında qabarıqlıq, sinə konturunda dəyişiklik və geyim altında nəzərə çarpan həcm artımı ilə özünü göstərir.
Ginekomastiyanın yaranmasında əsas amillərdən biri kişi orqanizmində testosteron və estrogen hormonları arasındakı tarazlığın dəyişməsidir. Estrogen süd vəzi toxumasının inkişafına təsir göstərir, testosteron isə bu təsiri tarazlaşdırır. Estrogen təsirinin artması və ya androgen təsirinin azalması nəticəsində süd vəzi toxumasında böyümə baş verə bilər.
Ginekomastiya fizioloji hormonal dəyişikliklər, dərman və bəzi maddələrin təsiri, eləcə də müxtəlif endokrin və sistemik xəstəliklərlə əlaqəli ola bilər.
Fizioloji səbəblərə yenidoğulmuş dövrü, yeniyetməlik və yaşlanma daxildir. Yenidoğulmuşlarda anadan keçən hormonların təsiri ilə müvəqqəti böyümə yarana bilər. Yeniyetməlik dövründə hormonal dəyişikliklərlə əlaqədar ginekomastiya tez-tez müşahidə olunur və bir çox hallarda 1–2 il ərzində geriləyir. Yaş artdıqca isə hormonal dəyişikliklər, bədən tərkibindəki fərqlər və yanaşı xəstəliklər bu ehtimalı artıra bilər.
Digər səbəblər arasında testosteron çatışmazlığı, hipoqonadizm, qalxanabənzər vəzin hiperfunksiyası, prolaktinlə əlaqəli bəzi hallar, qaraciyər və böyrək xəstəlikləri yer alır.
Bəzi dərman vasitələri, hormonal preparatlar, anabolik steroidlər, spirtli içkilər və müəyyən rekreasion maddələr də hormonal tarazlığa təsir göstərə bilər. Nadir hallarda xaya və digər hormon ifraz edən şişlər də araşdırılmalıdır.
Bu səbəbdən ginekomastiyanın müalicəsində ilk növbədə onun yaranma səbəbinin müəyyənləşdirilməsi vacibdir”.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































