Sevgilisi məzarından götürdüyü daşdan boyunbağı düzəltdi – “Savaşan həkim”in EŞQ DASTANI

Sevgilisi məzarından götürdüyü daşdan boyunbağı düzəltdi – “Savaşan həkim”in EŞQ DASTANI

Hazırda oxunan: Sevgilisi məzarından götürdüyü daşdan boyunbağı düzəltdi – “Savaşan həkim”in EŞQ DASTANI

105480

Zaman ötdükcə 44 günlük müharibənin qəhrəmanlıq dastanları ilə bərabər, sevgi hekayələri də üzə çıxmaqdadır. Onlardan biri də Qəbələdən olan şəhid-həkim Aqşin Ənvərli haqqındadır.

Onun haqqında söyləyirlər ki, Aqşin döyüşlərin qızğın getdiyi günlərdə ən yaxın dostlarından birinə məktub təqdim edir. Xahiş edir ki, əgər şəhid olsa, həmin məktubu kimsə bilmədən onun sevdiyi qıza çatdırsın. 

El-oba arasında dolaşan söhbətə və şahidlərin dediyinə görə, həmin dostu məktubu ünvanına çatdırıb.

Aqşin dəfn olunandan bir neçə gün sonra məktubu alan qız Aqşinin məzarı üstə gələrək saatlarla nakam sevgiyə ağılar deyib. Gedəndə isə məzardan xırda bir daş götürüb və həmin daşdan boyun bağı düzəldərək boynundan asıb. Və günlər sonra həmin məzarın üstündən belə bir məktub tapılıb. 

“Hər kəs sevgilisinə tək qaş üzük bağışlardı, Səndənsə mənə tək məzar daşı qaldı və son nəfəsə kimi boynumda qalacaq”. 

Aqşinlə bağlı bu söhbət artıq dastana dönüb.   

1994- cü ildə Qəbələdə anadan olan Aqşin gələcəkdə həkim olmaq diləyi ilə yüksək balla Azərbaycan Tibb Universitetinə hərbi həkim ixtisasına daxil olur. Tibb Universitetini əla qiymətlərlə başa vuran gənc Naxçıvan şəhərinə həkim cərrah kimi işləməyə göndərilir.

Vətən Müharibəsi başlayanda isə xüsusi təyinatlı döyüşçülərə tibbi yardım göstərmək üçün Füzuli şəhərinə yollanır. Bu müddətdə Cəbrayıl, Qubadlı, Xocəvənd və Şuşa istiqamətlərində döyüşlərdə iştirak edir. Həmişə ön cərgələrdə olan, hər bir yaralının xilası üçün can atan bu gənci həmkarları “savaşan həkim” deyə çağırırlarmış. Döyüşlərdən birində Aqşin qolundan üç yara alır, bir barmağını tamamilə itirir. Döyüşçü-həkimi arxaya təxliyə etmək istəyirlər. Lakin o, bu təklifi qəti rədd edir, yaralarını sarıyaraq yenidən döyüşə qatılır. Son cəhdi isə yaralı komandiri xilas etmək olub, amma qəfil snayper gülləsinə tuş gəlir və şəhidlik zirvəsinə yüksəlir. 
 

Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Aqşin Ənvərli ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.


Qəbələdə küçələrdən birinə şəhid Aqşin Ənvərlinin adı verilib. Yaşadığı evin qarşısında baralyefi aslıb. 

Bizim.Media-nın yerli bürosu məlumat verir ki, səngərdə baş leytenat rütbəsi alan şəhid hərbi həkimin ötən gün anım mərasımı keçirilib. Məzarı başına toplaşan hər kəs və bütün döyüş yoldaşları bir nəfər kimi Aqşinin ruhuna dualar oxuyub və deyiblər ki...

“Rahat uyu, əziz qardaş! Arzuların çin olub, ən böyük istəyin Şuşa artıq azaddır! Cəanab Baş leytenent, Qarabağ Azərbaycandır! Sənin qəhrəmanlığın bizim əbədi örnəyimiz, gələcəyimizdir”.

Tural Rasim oğlu, Bizim.Media. Şimal-Qərb bürosu







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO