
- A-
- A
- A+
Zəngəzurda yeni geosiyasi düzən – Regional nəqliyyat xəritəsi necə dəyişir?
Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin layihələndirmə işlərinə başlanılıb. Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp TRIPP layihəsinin Ermənistan ərazisindən keçən hissəsinin icrasına start veriblər.
Əlamətdar hadisə ilə bağlı Paşinyan və Tramp videomüraciətlə çıxış ediblər.
Ermənistanın Baş naziri videomüraciətində 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan sənədin Cənubi Qafqazı dəyişdirdiyini və uzunmüddətli sülhün əsasını qoyduğunu bildirib. O, layihənin Ermənistanın iqtisadi inkişafında və ölkənin xarici bazarlara çıxışında mühüm rol oynayacağını da qeyd edib.
ABŞ Prezidenti Donald Tramp isə layihənin həyata keçirilməsinə görə Paşinyana və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa TRIPP layihəsinin işə salınması münasibətilə ona ünvanladığı xoş sözlərə görə təşəkkür edib.
Prezident İlham Əliyev bu barədə “X” hesabında paylaşım edib.
“Əziz Prezident Donald Tramp, "Trump Route for International Peace and Prosperity" (TRIPP) layihəsinin işə salınması münasibətilə mənə ünvanladığınız xoş sözlərə görə səmimi təşəkkürümü bildirmək istəyirəm”, – dövlət başçısı qeyd edib.
Siyasi razılaşmadan praktiki icraya
Cənubi Qafqazın geosiyasi xəritəsində yeni mərhələ başlayır. Uzun illər müzakirə olunan, regionun nəqliyyat-kommunikasiya sistemini köklü şəkildə dəyişmək potensialına malik TRIPP layihəsinin həyata keçirilməsinə başlanması təkcə yeni yolun və ya nəqliyyat dəhlizinin yaradılması demək deyil. Bu, Azərbaycan-Ermənistan münasibətlərində formalaşan yeni reallıqların iqtisadi müstəviyə keçirilməsi, regional əməkdaşlıq imkanlarının genişlənməsi və Cənubi Qafqazın beynəlxalq nəqliyyat sistemində mövqeyinin güclənməsi baxımından mühüm hadisədir.
TRIPP – Trump Route for International Peace and Prosperity (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsi Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək, eyni zamanda regionu Türkiyə, Avropa və daha geniş beynəlxalq bazarlarla əlaqələndirəcək strateji nəqliyyat təşəbbüsüdür.
Layihənin əhəmiyyəti onun coğrafi istiqamətindən daha genişdir.
Çünki burada söhbət yalnız insanların və yüklərin daşınmasından deyil, uzun illər münaqişə və qarşıdurma ilə müşayiət olunan Cənubi Qafqazın əməkdaşlıq, iqtisadi inteqrasiya və qarşılıqlı maraqlar məkanına çevrilməsindən gedir.
Əslində, layihənin icrası üçün ilkin institusional addımlar artıq atılıb. Noyabrın 6-da Azərbaycan, ABŞ və Ermənistanın nümayəndələri üçtərəfli texniki planlaşdırma qruplarının yaradılmasına başlayıblar. İlk iki işçi qrupun nəqliyyat və elektrik enerjisinin ötürülməsi məsələləri ilə məşğul olması nəzərdə tutulub. Bu, TRIPP-in yalnız avtomobil və dəmir yolu layihəsi olmadığını, həm də enerji infrastrukturu və regional iqtisadi əlaqələri əhatə etdiyini göstərir.
Azərbaycan üçün layihənin ən mühüm tərəfi ölkənin əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru bağlantısının yaradılmasıdır. Ermənistan ərazisindən keçəcək təxminən 42 kilometrlik marşrutun avtomobil və dəmir yolu infrastrukturu ilə yanaşı, digər kommunikasiya imkanlarını da əhatə etməsi planlaşdırılır. Bu bağlantı Azərbaycanın coğrafi bütövlüyünün nəqliyyat-kommunikasiya müstəvisində möhkəmlənməsinə, Naxçıvanın iqtisadi potensialının genişlənməsinə və Türkiyə ilə əlaqələrin daha da inkişafına xidmət edə bilər.
Burada mühüm məqam ondan ibarətdir ki, TRIPP Azərbaycanın illərdir irəli sürdüyü Zəngəzur dəhlizi ideyasının beynəlxalq gündəmdə yeni siyasi və iqtisadi mexanizmlə reallaşdırılması istiqamətində mühüm addımdır. Azərbaycan bu məsələdə hər zaman kommunikasiyaların açılmasını, region ölkələrinin iqtisadi əməkdaşlığını və Naxçıvanla maneəsiz bağlantının təmin olunmasını vacib hesab edib.
ABŞ-ın iştirakı və yeni geosiyasi mənzərə
TRIPP layihəsini fərqləndirən əsas xüsusiyyətlərdən biri ABŞ-ın prosesdə birbaşa iştirakıdır. Vaşinqtonun bu təşəbbüsə qoşulması Cənubi Qafqazın beynəlxalq nəqliyyat və enerji marşrutları sistemində strateji əhəmiyyətinin artdığını göstərir.
2026-cı ilin yanvarında ABŞ və Ermənistan arasında açıqlanan icra çərçivəsinə əsasən, layihənin inkişafı üçün xüsusi şirkətin yaradılması nəzərdə tutulur. Təklif olunan modeldə ABŞ tərəfinin 74 faiz, Ermənistanın isə 26 faiz paya sahib olması planlaşdırılır. Layihə şirkətinə ilkin olaraq 49 il müddətinə inkişaf hüquqlarının verilməsi, sonrakı mərhələdə isə tərəflərin razılığı ilə müddətin uzadılması və Ermənistanın payının 49 faizə çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, Ermənistan öz ərazisində suverenliyini, gömrük və sərhəd nəzarəti səlahiyyətlərini saxlayır.
Bu model göstərir ki, ABŞ layihəni yalnız kommersiya və nəqliyyat təşəbbüsü kimi deyil, həm də regionda uzunmüddətli strateji mövcudluq və iqtisadi əməkdaşlıq platforması kimi nəzərdən keçirir. Vaşinqtonun iştirakı layihənin maliyyələşdirilməsi, beynəlxalq investisiyaların cəlbi və təhlükəsizlik mexanizmlərinin formalaşdırılması baxımından əhəmiyyətlidir.
Digər tərəfdən, TRIPP-in reallaşması regionda ənənəvi geosiyasi rəqabətə də təsirsiz ötüşməyəcək. Cənubi Qafqaz uzun illər Rusiya, İran və Qərbin maraqlarının toqquşduğu məkan olub. İndi isə ABŞ-ın layihədə iştirakı regional nəqliyyat sisteminin gələcək arxitekturasında yeni qüvvələr nisbətinin formalaşmasına şərait yaradır.
Orta Dəhliz və regional iqtisadiyyat üçün yeni imkanlar
TRIPP-in əhəmiyyəti Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi strategiyası ilə də sıx bağlıdır. Azərbaycan artıq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Zəngəzur istiqamətində kommunikasiyaların açılması isə Orta Dəhlizin imkanlarını daha da genişləndirə bilər.
Çin və Mərkəzi Asiyadan gələn yüklərin Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Naxçıvan və Türkiyə üzərindən Avropaya çatdırılması üçün əlavə marşrut imkanları yaranacaq. Bu, daşımaların alternativliyini artırmaqla yanaşı, Azərbaycanın tranzit gəlirlərinə, logistika sektoruna, liman və dəmir yolu infrastrukturuna əlavə stimul verə bilər.
Layihənin digər mühüm istiqaməti enerji əməkdaşlığıdır. Azərbaycan, Ermənistan və Türkiyənin elektrik enerjisi sistemlərinin əlaqələndirilməsi perspektivi regionda yeni enerji mübadiləsi imkanları yarada bilər. Xüsusilə Azərbaycanın bərpaolunan enerji potensialının Avropa bazarlarına çatdırılması baxımından bu istiqamət gələcəkdə əlavə əhəmiyyət qazana bilər.
Sülhün iqtisadi təminatı
TRIPP layihəsinin ən mühüm siyasi tərəfi ondan ibarətdir ki, o, Azərbaycanla Ermənistan arasında münasibətlərin yeni məcraya yönəlməsi üçün iqtisadi zəmin yarada bilər. Tarix göstərir ki, dövlətlər arasında qarşılıqlı iqtisadi maraqların formalaşması uzunmüddətli sabitliyin mühüm şərtlərindən biridir.
Ermənistan da bu layihədən iqtisadi fayda əldə edə, tranzit imkanlarını genişləndirə və regional iqtisadi sistemə inteqrasiya oluna bilər. Ancaq bunun üçün İrəvan siyasi bəyanatları konkret öhdəliklərlə tamamlamalı, kommunikasiyaların açılması prosesinə maneə yaratmamalı və əldə edilmiş razılaşmaların ruhuna uyğun davranmalıdır.
Azərbaycanın mövqeyi isə aydındır: regionda sülh yalnız kağız üzərində imzalanmış sənədlərlə deyil, real əməkdaşlıq, açıq kommunikasiyalar və qarşılıqlı iqtisadi fayda ilə möhkəmlənməlidir. Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında bağlantının təmin olunması da bu yanaşmanın mühüm tərkib hissəsidir.
Azərbaycan yeni regional reallığın əsas müəllifidir
TRIPP layihəsinin işə salınması Cənubi Qafqazın gələcəyi baxımından əlamətdar hadisədir. Bu təşəbbüs Azərbaycanın uzun illərdir müdafiə etdiyi regional kommunikasiyaların açılması ideyasının beynəlxalq səviyyədə dəstəklənən praktiki mexanizmə çevrilməsi istiqamətində mühüm addımdır.
Əlbəttə, qarşıda görüləsi işlər, həllini gözləyən texniki və siyasi məsələlər az deyil. Lakin bir həqiqət var ki, regionun gələcəyi qarşıdurmadan deyil, əməkdaşlıqdan, təcriddən deyil, inteqrasiyadan keçir.
Azərbaycanın yaratdığı yeni geosiyasi və iqtisadi reallıqlar bu prosesdə ölkəmizin rolunu daha da artırır. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, həm də onların istiqamətini müəyyənləşdirən əsas dövlətlərdən biridir.
TRIPP-in reallaşması Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında tarixi bağlantının bərpasına, türk dünyasının coğrafi və iqtisadi əlaqələrinin möhkəmlənməsinə, Şərqlə Qərb arasında yeni körpünün yaranmasına xidmət edə bilər.
Bu layihənin əsl uğuru isə yalnız çəkiləcək yollar, kommunikasiya xətləri ilə deyil, həmin yolların regiona gətirəcəyi sülh, təhlükəsizlik, iqtisadi rifah və yeni əməkdaşlıq imkanları ilə ölçüləcək. Azərbaycanın strateji hədəfi də məhz budur.
Surxay Atakişiyev, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































