BMT-nin dəhşətli hesabatı - Dünyada hər saat 5 qadın öldürülür

BMT-nin dəhşətli hesabatı - Dünyada hər saat 5 qadın öldürülür

Hazırda oxunan: BMT-nin dəhşətli hesabatı - Dünyada hər saat 5 qadın öldürülür
649458
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birləşmiş Millətlər Təşkilatının (BMT) bu gün dərc etdiyi hesabatına əsasən, 2025-ci ildə dünyada təxminən 47 min qadın və qız həyat yoldaşları, partnyorları və ya ailə üzvləri tərəfindən öldürülüb. Bu rəqəm o deməkdir ki, hər gün orta hesabla 129, hər saat isə 5 qadın ən yaxınları tərəfindən qətlə yetirilir. Qadın qətllərinin ən çox qeydə alındığı qitə Afrika olub, burada 22 100 nəfər öldürülüb.

Bizim.Media xəbər verir ki, noyabrın 25-də qeyd olunan Qadınlara qarşı zorakılığın aradan qaldırılması uğrunda Beynəlxalq Mübarizə Günü ərəfəsində dərc edilən BMT hesabatı dünyada qadın qətllərinin miqyasını ortaya qoyub. Hesabatda göstərilən rəqəmlər 122 ölkə və regionun statistikasına əsaslanır.

DW-nin təqdim etdiyi hesabatda bildirilir ki, 2025-ci ildə qəsdən öldürülən qadın və qızların təxminən 60 faizi yaxın ətraflarından olan şəxslərin qurbanı olub. BMT-nin Qadınlar üzrə qurumunun və BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) qiymətləndirməsinə görə, son illərdə ailə üzvü və ya partnyoru tərəfindən öldürülən qadın və qızların sayı 45-51 min arasında dəyişir.

Qadın qətllərinin ən çox qeydə alındığı qitə Afrika olub. Burada 22 100 qadın öldürülüb. Afrikadan sonra Asiya 15 100, Amerika qitəsi 7 400, Avropa 2 100 və Okeaniya 300 qurbanla sıralanır.

Hesabatda qeyd olunur ki, dünyada qətllərin ümumi səviyyəsi azalsa da, qadın qətllərinin sayında azalma daha yavaş templə gedir. Bu tendensiya xüsusilə Amerika qitəsində və Avropada nəzərə çarpır. BMT-nin məlumatına görə, bu vəziyyət qadınların ədalət mühakiməsinə çıxış zamanı üzləşdikləri maneələri, eləcə də bu cinayətlərin ictimai normalar və gender stereotipləri ilə sıx bağlılığını göstərir.

BMT-nin Qadınlar üzrə qurumunun ayrıca hesabatına əsasən, dünyada demək olar ki, hər üç qadından biri fiziki və ya cinsi zorakılığa məruz qalıb. Lakin bu qadınların yalnız 7 faizi polisə müraciət edib.

UNODC-nin icraçı direktoru Monika Cuma bildirib:

“Dərin kök salmış düşüncələr, ictimai normalar və institusional müdafiə mexanizmlərinin uğursuzluğu həyat yoldaşının, qızın, ananın və ya bacının öldürülməsinin “məqbul” hesab edildiyi mühit yaradır. Bu reallığı dəyişmək üçün cəmiyyətin bütün səviyyələrində davamlı səylər tələb olunur”.

BMT-nin Qadınlar üzrə qurumunun icraçı direktoru Sima Bahus isə bildirib ki, dünya təcili tədbirlər görməlidir:

“Heç bir xəbərdarlıq əlamətinin diqqətdən yayınmaması, sağ qalan qadınların müdafiəsiz qalmaması və təqsirkarların məsuliyyətdən yaxa qurtarmaması üçün təcili hərəkətə keçmək lazımdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO