Altı aylıq hamilə qadın İsrail hərbçilərinin xəstəxanaya gedən təcili yardım maşınının hərəkətinə mane olması nəticəsində uşağını itirib. Hadisə işğal olunmuş İordan çayının qərb sahilində, Nablus şəhərinə gedən yolda baş verib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, fələstinli tibb işçisi Başar Karyuti “Anadolu” agentliyinə bildirib ki, Qaryut kəndindən xəstəxanaya çatdırılmağa çalışan hamilə qadında güclü qanaxma olub.
Onun sözlərinə görə, İsrail hərbçiləri Nablusun cənubundakı Avarta hərbi keçid məntəqəsində təcili yardım maşınını saxlayıb və tibbi briqadasını mühərriki söndürməyə məcbur ediblər.
Karyuti vurğulayıb ki, tibb işçiləri dəfələrlə hərbçilərə izah ediblər ki, xəstənin həyatını qorumaq üçün avtomobildəki tibbi avadanlıqlar işlək vəziyyətdə qalmalıdır:
“Mən dəfələrlə hərbçilərə dedim ki, maşında güclü qanaxması olan və həyatı uğrunda mübarizə aparan qadın var. Lakin hərbçi bizi hədələdi və biz təcili yardım maşınını tamamilə dayandırmağa məcbur olduq”, – deyə fələstinlii tibb işçisi bildirib.
Karyutinin sözlərinə görə, təcili yardım maşını böyük çətinliklə xəstəxanaya çata bilib. Lakin uşağın həyatını xilas etmək mümkün olmayıb, ananın həyatı isə xilas edilib.
Bizim.Media


































































































