Ukraynanın şərqindəki cəbhə xəttində adi yüklərin çatdırılması getdikcə daha çox ölümcül tapşırığa çevrilir.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin "Business Insider" nəşri məlumat yayıb.
Minalanmış sahələr, artilleriya atəşləri və dronlarla dolu səma səngərlərə ərzaq və sursat çatdıran hərbçilərin hədəfə gəldiyi "məhv edilmə zonası"nı daha da genişləndirib.
Ukrayna Silahlı Qüvvələrinin 59-cu hücum briqadasının taqım komandiri Andriy Kuşniyrovun sözlərinə görə, belə tapşırıqlara sürücü göndərmək əksər hallarda onun ölümünün demək olar ki, zəmanət altına alınması deməkdir.
Yaranmış bu təhlükəli şəraitə cavab olaraq, Ukrayna bölmələrin təminatını həyata keçirmək üçün yerüstü robotlardan getdikcə daha aktiv istifadə etməyə başlayıb.
Bu maşınlar müharibənin əvvəlində ortaya çıxan, bəzən sadəcə partlayıcı daşımaq üçün istifadə edilən ilk məsafədən idarəolunan platformalardan artıq ciddi şəkildə fərqlənir.
Yeni nəsil robotlar daha mürəkkəb və funksional idarəetmə sisteminə sahibdirlər.
"Business Insider"ın jurnalistləri Kiyev vilayətində bu növ maşınların sürətləndirilmiş rejimlə yığıldığı istehsal sahəsində olublar. Zavod cəbhə xəttindən uzaqda yerləşsə də, onun məhsulları birbaşa ön cəbhə üçün nəzərdə tutulub.
Xarici görünüşcə bu yerüstü platformalar qolf avtomobillərinin hərbi versiyasını xatırladır, lakin onların kabinası, oturacaqları və sürücü üçün sükan idarəetməsi yoxdur. Konstruksiya ilkin mərhələdən göyərtədə insanın olmasını tamamilə istisna edir.
Layihənin əsas ideyası operatoru təhlükəli zonadan tamamilə çıxarmaqdan ibarətdir. Robotlar sursat, ərzaq və digər zəruri yüklərin çatdırılması kimi logistik tapşırıqları yerinə yetirir və bununla da yüksək intensivlikli müharibə şəraitində şəxsi heyət üçün riskləri minimuma endirir.
Bizim.Media





























































































