İsrail ordusunun Livanın paytaxtı Beyruta təşkil etdiyi son hava hücumunun hədəfi və nəticələri barədə yeni təfərrüatlar məlum olub. Hücum zamanı "Hizbullah" hərəkatının hərbi qanadının ən mühüm rəhbərlərindən biri məhv edilib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Hadath" telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrutun cənubundakı Qobeyri rayonunda yerləşən beşmərtəbəli binaya dəqiq zərbə endiriblər. Həmin binanın "Hizbullah"ın gizli qərargahlarından biri kimi fəaliyyət göstərdiyi bildirilir.
Mətbuatda yer alan ilkin xəbərlərə görə, hava zərbəsi nəticəsində öldürülən və hələlik adı rəsmən açıqlanmayan yüksək rütbəli komandir təşkilat daxilində çox kritik bir vəzifəni icra edirmiş.
Onun Livanın cənub və şərq bölgələrində fəaliyyət göstərən şiə silahlı birləşmələri arasında operativ (əməliyyat) rabitə və koordinasiya sisteminin qurulmasına, eləcə də idarə olunmasına birbaşa cavabdeh olduğu vurğulanır.
Ekspertlər bu şəxsin sıradan çıxarılmasının "Hizbullah"ın cəbhə xəttindəki qüvvələrini idarəetmə qabiliyyətinə ciddi zərbə vuracağını qeyd edirlər. Hazırda hadisə yerində xilasetmə işləri aparılır və itkilərin sayının artacağı istisna edilmir.
Bizim.Media































































































