Təhsildə süni intellektin tətbiqi ilə bağlı YENİ TƏŞƏBBÜS – Şagirdləri nə gözləyir?

Təhsildə süni intellektin tətbiqi ilə bağlı YENİ TƏŞƏBBÜS – Şagirdləri nə gözləyir?

Hazırda oxunan: Təhsildə süni intellektin tətbiqi ilə bağlı YENİ TƏŞƏBBÜS – Şagirdləri nə gözləyir?

639662

Elm və Təhsil Nazirliyi ilə “OpenAI” arasında imzalanan memorandum Azərbaycanda süni intellektin təhsildə istifadəsinin genişləndirilməsini nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində şagirdlərin öyrənmə prosesinin təhlil edilməsi və onların ehtiyaclarına uyğun fərdiləşdirilmiş tədris materialları və tapşırıqların təqdim olunması imkanlarının yaradılması planlaşdırılır.

Bəs süni intellektin hər şagirdə fərqli öyrənmə dəstəyi göstərməsi onların təhsil göstəricilərinə necə təsir edə bilər?

Bizim.Media-ya fikirlərini bölüşən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, artıq şagirdlərimiz dünya təhsil sistemi ilə inteqrasiya olunur və bu gün baş verən yeniliklərlə bağlı müəyyən qədər məlumatlıdırlar:

“Dünyada süni intellektin məişətə, sənayeyə və müxtəlif sahələrə tətbiqinə başlanılıb və nəhayət, elm və təhsil sektorunda da çox ciddi təsir gücünü göstərməkdədir. Burada Azərbaycan üçün müəyyən problemlər yaşana bilər. Məsələn, bu, bizim mədəniyyətimizə, tariximizə və mentalitetimizə müəyyən qədər təsir göstərə bilər.
 

OpenAI və digər şirkətlərin bu texnologiyaları kütləvi təhsildə yayması süni intellektin təsir gücünün daha da artması demək olacaq. Çünki artıq süni intellektin tətbiqi müəyyən sahələr üzrə şagirdlərimiz arasında savadsızlığı və düşünmə qabiliyyətinin zəifləməsini təşviq edə bilər. Məsələn, artıq hər kəs özünə ən yaxın vasitə kimi planşetindən və ya smartfonundan istifadə edərək müxtəlif məlumatlar əldə edir və suallarını onun vasitəsilə həll etməyə çalışır. Bu məlumatlar isə bütün hallarda doğru və düzgün olmur. Ona görə də bu məsələlərdə müəyyən qədər ehtiyatlı olmalıyıq.


Demirəm ki, bu tətbiqdən geri qalaq, sadəcə olaraq, onun istifadəsində müəyyən qədər ehtiyatlı davranmalıyıq

Ekspertin fikrincə, hər bir halda Azərbaycan ictimaiyyətini dünyadakı yeniliklərdən təcrid etmək olmaz.

“Təsadüfi deyil ki, UNESCO-nun rəsmi şəxsləri də süni intellektin və informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə şagirdlərə bu məlumatların fərdi şəkildə çatdırılmasının vacibliyini vurğulayırlar. Yəni bu texnologiyaların düzgün şəkildə öyrədilməsi lazımdır. Lakin şagirdləri bununla bağlı özbaşına buraxmaq, təbii ki, müəyyən fəsadlar yarada bilər.

Digər problem ondan ibarətdir ki, bu gün Azərbaycanda süni intellektin və informasiya texnologiyalarının bütün şagirdlərə düzgün şəkildə çatdırılması üçün siniflərdə müəllimlərimiz və bu sahə üzrə mütəxəssislərimiz kifayət etmir. Əvvəlcə müəyyən hazırlıq işləri aparılmalıdır ki, təhsildə süni intellektdən istifadənin keyfiyyətinə nail ola bilək” – o qeyd edib.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO