Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən MÜHÜM AÇIQLAMA

Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən MÜHÜM AÇIQLAMA

638867

2020-ci ilin 27 sentyabrı yalnız 44 günlük Zəfər dastanının başladığı gün kimi deyil, milli həmrəylik nümunəsi kimi tarixə yazıldı. Həmin gün Azərbaycanın bütün bölgələrində insanlar bir məqsəd ətrafında birləşdi. Xalqımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşdi, cəbhədə döyüşən hərbçilərin yanında olduğunu əməli addımlarla nümayiş etdirdi.

Bu ümumxalq səfərbərliyi yalnız ön xətdə gedən döyüşlərdən ibarət deyildi. Müharibənin uğurlu aparılması üçün arxa cəbhədə də ciddi təşkilati iş, təminat, tibbi yardım, təhlükəsizlik və koordinasiya tələb olunurdu. Cəbhə xəttinə yaxın rayonların üzərinə isə bu baxımdan daha böyük məsuliyyət düşürdü.

Daşkəsən də belə rayonlardan biri idi...

Rayonun Ermənistanla sərhədinin olması və işğal altında olan Kəlbəcərlə həmsərhəd yerləşməsi onun strateji əhəmiyyətini artırırdı. Müharibənin ilk günlərindən burada həm hərbi ehtiyacların qarşılanması, həm əhalinin təhlükəsizliyinin təmin olunması, həm də cəbhəboyu ərazilərə dəstəyin təşkili xüsusi əhəmiyyət daşıyırdı.

 

Hərbi vəziyyətin elan olunmasından sonra Daşkəsən rayonunda operativ qərargah yaradıldı. Rayonun İcra Hakimiyyətinin sabiq başçısı Əhəd Abıyev qərargaha rəhbərlik edərək cəbhəboyu ərazilərdə görülən işlərin əlaqələndirilməsində və qarşıya qoyulan tapşırıqların icrasında iştirak edib.


Həmin dövrdə Daşkəsəndə görülən işlərlə bağlı Bizim.Media-ya açıqlama verən Daşkəsən Rayonun İcra Hakimiyyətinin sabiq başçısı Əhəd Abıyev qeyd edib ki, Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq müharibə günlərində əsas vəzifələrdən biri ön xətdə xidmət edən hərbi qulluqçuların ehtiyaclarının vaxtında qarşılanması idi:


“Dərman və tibbi ləvazimatların, ərzaq və yanacağın, generator, çadır və digər zəruri təminat vasitələrinin cəbhə bölgələrinə çatdırılmasına dəstək göstərirdik. Bu işlər yalnız maddi təminatla məhdudlaşmırdı. Yaralı hərbçilərə tibbi yardımın təşkili, qan ehtiyatının yaradılması üçün qanvermə aksiyalarının keçirilməsi və tibbi xidmətin fasiləsizliyinin təmin edilməsini də diqqətdə saxlayırdıq.

Qərargahımızın fəaliyyətində digər mühüm istiqamət rayon ərazisinin təhlükəsizliyinin qorunması idi. Ermənilərin raket atəşləri nəticəsində baş verən yanğınların vaxtında söndürülməsi, əhalinin təhlükəsizliyinin təmin olunması üçün aidiyyəti qurumlarla birgə operativ tədbirlər görürdük”.

Ön və arxa cəbhə arasında canlı əlaqə

Əhəd Abıyev bildirib ki, 44 günlük müharibə zamanı Daşkəsənin üzərinə düşən vəzifələrdən biri də cəbhədən gətirilən yaralıların qarşılanması və onların tibbi xidmətlə təmin olunması idi:

“Bununla yanaşı, Ali Baş Komandan, cənab İlham Əliyevin göstəriş və tapşırığına uyğun olaraq, şəhidlərin qarşılanması və dəfn mərasimlərinin təşkili, paytaxtdan ezam olunan tibb işçilərinin yerləşdirilməsi və gündəlik ehtiyaclarının qarşılanması da rayon səviyyəsində həll edilən məsələlər sırasında idi.

Müharibə günlərində Daşkəsən yalnız coğrafi baxımdan cəbhəyə yaxın rayon kimi deyil, ön xətdəki hərbi qulluqçularla arxa cəbhə arasında təminat və koordinasiya zəncirinin mühüm əlqələrindən biri kimi fəaliyyət göstərirdi.


Müharibə dövründə Kəlbəcərlə yol əlaqələrinin təmin edilməsi istiqamətində xüsusi tapşırıq əsasında həyata keçirilən tədbirlər çərçivəsində, icra başçısı kimi Kəlbəcərin elektrik enerjisi ilə təchizatına xidmət edən 110 kV-luq elektrik verilişi xəttinin Daşkəsən rayonu ərazisindən çəkilməsi, eləcə də hərbi və nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi məqsədilə dağlıq ərazidə yeni yolun salınması işlərinə aidiyyəti üzrə zəruri dəstək göstərdik.

Həmin günlərdə, bütün Azərbaycan xalqı kimi Daşkəsən camaatı da bir yumruq kimi birləşərək səfərbər olmuşdu. Məktəblilər, müəllimlər, qadınlar, icra hakimyyətinin əmkdaşları, idarə təşkilat nümayəndələri hətta yaşlılar belə əlindən gələn köməyi əsirgəmirdilər. Digər tərəfdən, cəbhə bölgəsinə yaxın yerləşdiyinə görə Daşkəsənin üzərinə daha böyük məsuliyyət düşürdü.


Bizim əsas vəzifəmiz cəbhədə döyüşən hərbçilərə mümkün olan bütün dəstəyin göstərilməsi, onların ehtiyaclarının vaxtında qarşılanması və rayon əhalisinin təhlükəsizliyinin təmin edilməsi idi. Üstəlik, hərbi hissələrə təminatın çatdırılması, yaralıların tibbi yardımla təmin olunması, şəhid cənazələrinin qarşılanıb ailələrinə təhvil verilməsi üçün gecə-gündüz, yorulmadan çalışırdıq”.

Müharibədən sonra da davam edən məsuliyyət

Vətən müharibəsinin başa çatması ilə Daşkəsənin üzərinə düşən vəzifələr də dəyişdi. Əhəd Abıyev qeyd edib ki, bu mərhələdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə və qazilərə sosial dəstəyin göstərilməsi əsas istiqamətlərdən birinə çevrilmişdi:
 

“Müzəffər Ali Baş Komandanın xüsusi tapşırığı ilə, mütəmadi olaraq şəhid ailələrini, qaziləri ziyarət edir, onların problemləri ilə maraqlanır, həmin problemlərin həlli istiqamətində tədbirlər görürdük. Vətən müharibəsindən sonra Daşkəsən Şəhidlər xiyabanının yenidən qurulması işlərini həyata keçirdik.


2021-ci il iyulun 22-də Cənab Prezident İlham Əliyev Daşkəsən Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini yad etdi. Cənab Prezidentin səfəri Daşkəsən üçün xüsusi əhəmiyyət daşıyan, yaddaşlarda qalan hadisələrdən biri kimi tarixə yazıldı”.

Daşkəsənin inkişafı üçün formalaşdırılmış baza

Əhəd Abıyevin Vətən müharibəsi dövründəki fəaliyyəti ilə yanaşı, Daşkəsənə rəhbərlik etdiyi dövrdə görülən işlərdən də söz açıb:

Cənab Prezidentin tapşırığına əsasən, “2012-ci ildə rayonun perspektiv inkişaf istiqamətlərini əhatə edən 53 bəndlik “Yeni Daşkəsən” layihəsini hazırladıq. Layihədə abadlıq-quruculuq, kənd təsərrüfatı, mühəndis-kommunikasiya infrastrukturu və sosial sahənin inkişafı ilə bağlı tədbirlər nəzərdə tutulurdu. Cənab Prezidentin rəhbərliyi ilə sonrakı dövrdə rayonda bir sıra sosial və infrastruktur layihələrini həyata keçirdik. Bayraq Meydanı və istirahət parkı salındı, Mərkəzi Xəstəxana, Diaqnostika Mərkəzi, Gənclərin Təlim və İstirahət Mərkəzi, “Yeni Həyat” xeyir-şər evi və yaşayış binaları istifadəyə verildi, Daşkəsən Rayon Heydər Əliyev Mərkəzi yenidən quruldu. Kənd və qəsəbə yollarının, körpülərin yenilənməsi, yeni məktəb binalarının və məktəbəqədər təhsil müəssisələrinin tikintisi də reallaşdırdığınız layihələr sırasında idi.

İcra başçısı olduğum dövrdə rayonun iqtisadi potensialının inkişafı da xüsusi yer tuturdu. Uzun illər rayonun əsas problemlərindən biri olan içməli su məsələsinin həlli istiqamətində işlər gördük. 2021-ci ildə Daşkəsən şəhəri və Alunitdağ qəsəbəsində su təminatının yaxşılaşdırılması üçün layihəni reallaşdırdıq. Nəticədə 12 mindən çox sakinin su problemi həllini tapdı.


"İndi yaxın amma şanlı tariximizdə baxdıqda 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin ən mühüm mərhələlərindən birinə çevrildi. 

Azərbaycan Prezidentinin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-sinin Anım Günü kimi qeyd edilməsi rəsmiləşdirildi.

Anım Gününün ən böyük mesajı yaddaşdır. Şəhidin adı çəkildikcə, onun həyat yolu öyrənildikcə, ailəsinə ehtiram göstərildikcə, qaziyə qayğı göstərildikcə həmin yaddaş yaşayır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını fəda etmiş bütün şəhidlərin xatirəsi xalqın tarixində və mənəvi yaddaşında yaşayacaq.
 

27 Sentyabr bir günlük anım deyil. Bu tarix Vətən qarşısında ən böyük fədakarlığı göstərənlərin xatirəsinə əbədi ehtiramın, onların əmanətinə sədaqətin və milli yaddaşın simvoludur. Şəhidlərin ruhu qarşısında ən böyük borc isə onların uğrunda can verdikləri Azərbaycanı qorumaq, gələcək nəsillərə Vətənin hansı qiymət hesabına qorunduğunu anlatmaq və qəhrəmanların adını zamanın unutqanlığına buraxmamaqdır.


27 sentyabrda başlayan Zəfər dastanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz qətiyyəti və uzagörən liderliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi ilə tarixə yazıldı.

Bu böyük Qələbəni Cənab Prezidentə, qəhrəman şəhid və qazilərimizə borcluyuq. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə isə möhkəm can sağlığı və uzun ömür arzulayıram. Vətən uğrunda canını, qanını fəda edən qəhrəmanlarımızın adları Azərbaycan tarixində əbədi yaşayacaq və gələcək nəsillər onların əmanəti olan Vətənimizi göz bəbəyi kimi qoruyacaqlar".









Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO