Cəlilabad rayonunda hərəkətdə olan yük avtomobilində qəfil yanğın hadisəsi qeydə alınıb.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndi ərazisində baş verib.
Məlumata görə, yolla hərəkətdə olan kiçik tutumlu yük avtomobilinin yük yerinə yığılmış ot bağlamaları qəfil alovlanmağa başlayıb.
Təhlükəni vaxtında hiss edən sürücü çevik tərpənərək avtomobili dərhal yaxınlıqdakı avtoyuma məntəqəsinə tərəf sürüb və oradakı su xətləri vasitəsilə yanğını söndürməyə cəhd edib.
Daha sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və xüsusi texnikası cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alovun genişlənməsinin və avtomobilin tamamilə yanmasının qarşısı alınıb, yanğın qısa müddətdə tam söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Sabutay, Bizim.Media, Cənub bürosu


































































































