Millət vəkili Razı Nurullayev qızların təhsil imkanlarının genişləndirilməsi ilə bağlı fikirlər səsləndirib. O deyib ki, Azərbaycanda oxumaq istəyən bütün qızlar üçün topladığı baldan asılı olmayaraq, pulsuz təhsil imkanları yaradılmalıdır. Deputatın bu sözləri cəmiyyətdə birmənalı qarşılanmayıb.
Xüsusilə kişilər arasında bu təşəbbüsə qarşı narazılıqlar artır, onlar hesab edirlər ki, belə bir qərar qəbul olunarsa, gender bərabərliyi prinsipi pozulacaq. Məqsəd erkən nikahın qarşısını almaq, qızları təhsilə cəlb etməkdirsə, az bal toplamış qızların onsuz da təhsilə marağının az olduğu iddia edilir.
MÖVZU İLƏ BAĞLI:
Bu tələbələrin təhsilhaqqı dövlət hesabına QARŞILANACAQ
Mövzu ilə əlaqədar Bizim.Media-ya açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu cür təklif Milli Məclisdə müzakirəyə çıxarılsa belə, inandırıcı görünmür ki, bunu digər deputatlar dəstəkləsin:
“Daha real və effektiv təşəbbüslər irəli sürülsəydi, yaxşı olardı. Məsələn, Razi Nurullayev belə təşəbbüs edə bilər ki, öz maaşından 1000-2000 ayırıb, hansısa tələbənin təhsil haqqını ödəsin.
Ayrı-ayrı deputatlar bu təşəbbüsə qoşulub öz vəsaitləri hesabına tələbələrin təhsil haqqını ödəyə, yaxud bu istiqamətdə digər iş adamlarını da təşviq edə bilərlər”.
Ekspert vurğuladı ki, yalnız qızların tam ödənişsiz təhsillə təmin olunması məsələsinin dövlət səviyyəsində ümumi qərara çevrilməsi sosial ədalət və gender balansı baxımından cəmiyyətdə narazılığa səbəb ola bilər. Bu baxımdan, daha məqsədəuyğun olar ki, təşəbbüs müəllifi və onu dəstəkləyənlər alternativ mexanizmlər üzərində işləsinlər. Belə yanaşma həm sosial dəstəyi artırar, həm də arzuolunan nəticələrə gətirib çıxarar.
Şəfiqə Şəfa, Bizim. Media


































































































