Ceyhun Bayramov Malayziya XİN başçısının müavini ilə görüşdü - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Malayziya XİN başçısının müavini ilə görüşdü - FOTO

56643

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov Azərbaycan və Malayziya arasında əlaqələrin inkişafından məmnunluqla bəhs edib və dost Malayziya ilə mövcud olan siyasi dialoqun tərəfimizdən yüksək qiymətləndirildiyini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Malayziyalı nazir müavini Bakıdadır - Sabah XİN rəhbəri ilə görüşəcək


Nazir, Malayziyanın həm ikitərəfli əsasda, həm də çoxtərəfli müstəvilərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi birmənalı dəstəyi minnətdarlıqla vurğulayıb. Xüsusilə, 44 günlük müharibə dövründə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə Malayziyanın dəstəyinin tərəfimizdən yüksək dəyərləndirildiyi qeyd edilib.

Nazir müavini Kamarudin Caffar Azərbaycana səfəri çərçivəsində Milli Məclisin sədrinin müavini, habelə Azərbaycan Respublikası Prezidentinin köməkçisi və xarici siyasət məsələləri şöbəsinin müdiri ilə keçirilmiş ikitərəfli görüşlərdən məmnunluqla bəhs edib.

O, iki ölkə arasında son 30 ilə yaxın bir müddətdə əlaqələrin çox yaxşı inkişaf etdiyini söyləyib və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün konkret sahələr üzrə birgə fəaliyyətin irəli aparılmasının vacib olduğunu qeyd edib.

Tərəflər iki ölkə arasında iqtisadi, ticarət, enerji, o cümlədən alternativ enerji mənbələri, habelə humanitar, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə tərəflər, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO