SU ÜSYANLARI: İrandakı etirazlar nədən xəbər verir?

Hazırda oxunan: SU ÜSYANLARI: İrandakı etirazlar nədən xəbər verir?

29474

İyulun 15-dən etibarən İranın cənubunda, Xuzistan əyalətində başlayan etirazların miqyası hər keçən günü daha da artır. Artıq Hamidiye, Bostan və Şadigan şəhərləri başda olmaqla bir neçə şəhərdə etirazlar alovlanıb. Etirazlara səbəb isə İran hakimiyyətinin bölgədə icra etdiyi uğursuz layihələr və bunun nəticəsində yerli əhalinin içməli su problemi yaşaması ilə bağlıdır. İçməli su ilə yanaşı elektrik enerjisinin verilişində yaranan problemlərin aradan qaldırılması etirazçıların əsas tələbləri arasında yer alır.

Qeyd edək ki, içməli su problemi təkcə Xuzistan deyil, İranın digər bölgələrində də müşahidə olunur.

Son aylarda İranın mərkəz və cənub bölgələrində hiss olunan isti hava şəraitini xüsusilə Xuzistan bölgəsində yerləşən bir neçə göl və çayın quruması ilə nəticələnib. İran hakimiyyəti isə problemi həll etmək məqsədilə bölgə əhalisini içməli su ilə təmin edən əsas çayları İranın quraqlıqdan əziyyət çəkən digər bölgələrinə yönləndirmək qərarına gəlib. Hökümətin yeni layihəsi isə Xuzistan bölgəsində vəziyyəti dözülməz həddə çatdırıb. 

Etirazlar polislə sərt toqquşmalar fonunda davam edir. Bir neçə şəhərdə polisin etirazçılara qarşı odlu silahdan istifadə etməsi nəticəsində 8 nəfər həlak olub. Etirazçılar isə öz növbəsində polis maşınlarını və etirazçılara müdaxilə məqsədilə gətirilən tankı yandırıblar. Aksiyaların hansı formada davam edəcəyi və necə nəticələnəcəyi ilə bağlı isə müxtəlif spekulyasiyalar mövcuddur. 

Etirazların nəticəsi olacaqmı?

Bir çox ekspertin fikrincə, mövcud etiraz dalğası İranda ciddi dəyişiklərə səbəb ola bilər. Lakin İranın yaxın keçmişdəki oxşar təcrübələri bu cür etirazların hər hansı nəticə vermədiyini də ortaya qoyur. 

İlk olaraq nəzər alınmalıdır ki, Xuzistanda başlayan etirazlar əsasən ərəb əhalinin etnik olaraq üstünlük təşkil etdiyi bölgədə baş verir və etirazların etnik xüsusiyyətləri özünü göstərir. İran hakimiyyətinin etirazçılara qarşı rahat şəkildə güc tətbiq etməsi də məhz bu etnik amildən irəli gəlir. Hakimiyyət ərəb əhalinin xarici qüvvələrin təsiri ilə hərəkətə keçdiyini iddia edir və beləliklə, etriazların səbəbi olan həqiqi problemi ört-basdır edir.

Türk və farsların çoxluq təşkil etdiyi əyalətlərdə isə etirazların olduqca zəif olması İran hakimiyyətinin öz mövqelərini qorumasına imkan yaradır.

İkinci amil Xuzistanda baş verən etirazların əvvəlki illərdə də müşahidə olunması ilə bağlıdır. 2011 və 2018-ci illərdə oxşar səbəblərlə bölgənin yerli əhalisi kütləvi ixtişaşlara qalxmışdı. Hökümətin güc tətbiq etməsi ilə yatırdılan etirazlar daha geniş ərazilərə yayılmamış və lokallığını qorumuşdu. Göründüyü kimi, bölgədə içməli su problemi öz həllini tapmayıb və irəlidə də tapmayacaq kimi görünür.

Üçüncü olaraq İranda baş verən hər seçkidən sonra müxalifət qüvvələrinin ciddi etirazları və küçə nümayişləri müşahidə olunub. Yeni seçilən hökümətə təzyiq xarakteri daşıyan bu etirazların yatırılması da əhalinin hakimiyyətə loyallıq dərəcəsini müəyyən edən amilə çevirilib. İranın yeni prezidenti olan Rəisinin etirazlara bu cür sərt müdaxilə əmri verməsi də məhz bu baxımdan önəmlidir.

İranı yaxın gələcəkdə nə gözləyir?

Lakin etirazların İranda ciddi dəyişikliyə səbəb olmayacağını da demək doğru olmazdı. Hər nə qədər lokal xarakter daşısa da etirazlar İran siyasi sistemi üçün təhlükəli mesajlar ehtiva edir. Çünki son günlərdə daha şiddətlənən aksiyalarda İran hakimiyyəti yox, birbaşa ali dini lider və şəriət sistemi hədəf alınır. 

Bu günədək İranda baş verən sosial problemlərin əsas səbəbkarı kimi hökümət göstərilirdi. Nəticədə ali dini liderin fətvası ilə problemlər aradan qaldırılır və əhali sistemə sadiq olduğu halda prezidentə qarşı müxalif olmaq imkanı qazanırdı.

Lakin son etirazlar mövcud problemlərin səbəbi kimi ali dini liderin və şəriət sisteminin hədəf alındığını göstərir. 

İranda uzun illərdir ki, etnik ayrıseçkilik üçün münbit şərait mövcuddur və dövlət bunun qarşısını almaqda elə də uğurlu deyil. Oxşar sosial problemlərin də gələcəkdə davam edəcəyini nəzərə alsaq, bu cür etirazların İran üçün yaxın gələcəkdə heç vaxt olmadığı qədər real təhlükə yaradacağını gözləmək olar.

Araz Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO