
- A-
- A
- A+
İlon Maskın qərarı Ukrayna ordusunu iflic etdi
"SpaceX" şirkəti tərəfindən hazırlanmış "Starshield" hərbi peyk rabitə sisteminin işində tətbiq edilən yeni texniki məhdudiyyətlər Ukraynada planlaşdırılan döyüş pilotsuz uçuş aparatları (PUA) missiyalarının tamamilə pozulmasına səbəb olub.
Bizim.Media "Axios" nəşrinə istinadən xəbər verir ki, ukraynalı rəsmilər rabitə problemlərinin son üç gün ərzində artan xətlə inkişaf etdiyini bildiriblər.
Belə ki, birinci gün məhdudiyyətlər əməliyyatların onda birinə, ikinci gün yarısına təsir edibsə, üçüncü gün yaranan nasazlıqlar səbəbindən istisnasız olaraq bütün missiyalar ləğv edilib.
Ukraynanın ABŞ-dakı müvəqqəti işlər vəkili Denis Senikin sözlərinə görə, "Starshield" sistemi PUA-lar saatda təxminən 160 kilometr sürət yığdığı anda bağlantını məcburi şəkildə kəsir. Bu isə Rusiya zərbə dronlarını təqib edib zərərsizləşdirməli olan Ukraynanın ələkeçirici dronlarının tətbiqini imkansız edir. Diplomat əlavə edib ki, Ukrayna tərəfi nə "SpaceX" rəhbərliyindən, nə də Pentaqondan hələlik heç bir rəsmi izahat almayıb.
İlon Maskın şirkəti isə yaranmış problemlərlə bağlı iddiaları qəti şəkildə təkzib edib.
Jurnalistlərin sorğusuna cavab olaraq "SpaceX"dən bildirilib ki, yeni məhdudiyyətlərin tətbiqi barədə məlumatlar həqiqətə uyğun deyil və sistemin iş parametrlərinə heç bir dəyişiklik edilməyib.
Vəziyyət artıq Vaşinqtonda da ciddi rezonans doğurub — ABŞ Konqresində Ukraynaya dəstək üzrə ikipartiyalı qrup rabitənin zəifləməsi ilə bağlı xəbərlərdən dərin narahatlıq ifadə edərək, Donald Tramp administrasiyası və "SpaceX"dən insidentin səbəbləri barədə tam hesabat tələb edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































