
- A-
- A
- A+
NATO Rusiya ilə "yeraltı müharibə" ssenarisinə hazırlaşır
NATO Rusiya qoşunlarının sərhədi keçərək Estoniya ərazisinə irəliləməsi ehtimalına qarşı müdafiə tədbirlərini məşq etməyə başlayıb.
Bizim.Media "Newsweek" nəşrinə istinadən xəbər verir ki, bu barədə Müttəfiqlərin Çevik Reaksiya Korpusunun (ARRC) mühəndislik və mülki-hərbi qarşılıqlı fəaliyyət məsələləri üzrə qərargah rəisinin köməkçisi, polkovnik Dryu Kreyq bildirib.
Onun sözlərinə görə, belə bir ssenari baş verəcəyi təqdirdə NATO ARRC qüvvələrini şərq cinahına göndərmək variantını nəzərdən keçirir və bu, yeraltı şəraitdə döyüş əməliyyatlarının aparılmasını nəzərdə tutur.
Polkovnik qeyd edib ki, Rusiya ilə mümkün müharibədə Alyans qərar qəbul edən şəxslərin yerləşdiyi komanda mərkəzlərindən tutmuş səhra hospitallarına və döyüş sursatı anbarlarına qədər ən mühüm obyektlərini maksimum dərəcədə yerin altında yerləşdirməli olacaq.
Kreyq vurğulayıb ki, NATO şəxsi heyətini və obyektlərini daha yaxşı maskalamaq üsullarını hazırlamaq üçün Rusiya-Ukrayna müharibəsindəki döyüş taktikalarını diqqətlə izləyir.
ARRC-nin mətbuat katibi, polkovnik-leytenant Lorens Roş isə əlavə edib ki, havada çoxlu sayda pilotsuz uçuş aparatlarının (PUA) olması və yer səthinin gecə-gündüz müşahidə edilməsi imkanı NATO-nu öz hərbçilərinin mühafizəsinə fərqli yanaşmağa məcbur edir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































