
- A-
- A
- A+
Rusiya Ukraynaya yeni kütləvi zərbə hazırlayır - Kiyevdən xəbərdarlıq
Ukrayna ilə hava hücumundan müdafiə (HHM) vasitələrinin tədarükünə dair razılaşmalar hələlik yalnız qismən yerinə yetirilib, xüsusilə Norveç öz öhdəliklərini icra edib.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski HHM-in gücləndirilməsi məsələləri üzrə tərəfdaşlarla əlaqə saxlayan qurumların nümayəndələri ilə keçirdiyi selektor müşavirəsinin yekunlarına dair açıqlamasında deyib.
"Konkret razılaşmalar var idi. Onların bir hissəsi yerinə yetirilib — mən Norveçə təşəkkür etmək istəyirəm, — lakin hələ də icra prosesində olanlar var. Ukrayna Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər səlahiyyətli şəxslər dəstək paketini hələ reallaşdırmayan tərəflərlə əlaqə saxlamalıdırlar. Axşam raketlər və hökumət rəsmilərinin bu gün tərəfdaşlarla qurduğu təmaslar barədə məruzə gözləyirəm: müvafiq paketlərdən olan ələkeçirici raketlər nə vaxt Ukraynaya çatdırılacaq", — deyə dövlət başçısı bildirib.
O əlavə edib ki, Baş Kəşfiyyat İdarəsinin (BKİ) məlumatına görə, Rusiya ordusu Ukraynaya yeni kütləvi zərbə endirməyə hazırlığı davam etdirir.
V.Zelenski həmçinin ölkənin bir sıra bölgələrində — xüsusilə Dnepropetrovsk, Sumı, Çerniqov, Odessa və Xarkov vilayətlərində energetika sahəsində vəziyyətin mürəkkəb olaraq qaldığını qeyd edib. Prezident Dnepr şəhəri və vilayətinin elektrik və su təchizatında ciddi problemlərin yaşandığı rayonlardakı durumun ətraflı müzakirə olunduğunu, Zaporojye və Xersondakı vəziyyətin də diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































