
- A-
- A
- A+
Qubada “Gənclərin CTF Kuboku 2026” yarışı keçirildi - Foto - Video
Xəbər verdiyimiz kimi, noyabrın 27-dən Qubada gənclərin kibertəhlükəsizlik biliklərinin gücləndirilməsi məqsədilə 3 günlük Kiber Düşərgə işə başlayıb. Tədbir çərçivəsində ölkənin müxtəlif ali məktəblərində kibertəhlükəsizlik ixtisası üzrə təhsil alan tələbələrin Qubanın tarixi və görməli yerlərinə, Quba Soyqırımı Memorial Kompleksinə ekskursiyaları təşkil olunub.
Bizim.Media xəbər verir ki, bu gün səhər saatlarından Quba Olimpiya İdman Kompleksində “30 noyabr – Kompüter Təhlükəsizliyi Günü”nə həsr olunmuş Kiber Düşərgə çərçivəsində “Gənclərin CTF Kuboku 2026” yarışına start verilib.
Yarış çərçivəsində iştirakçılar kibertəhlükəsizliyin müxtəlif istiqamətləri üzrə hazırlanmış tapşırıqları yerinə yetirərək texniki bilik və bacarıqlarını nümayiş etdiriblər.
Günün ikinci yarısında isə tədbirin rəsmi bağlanış və mükafatlandırma mərasimi keçirilib. Mərasimdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabarov, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi, general-mayor Davud Rüstəmov və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov çıxış ediblər.
Çıxışlarda kibertəhlükəsizlik sahəsində ixtisaslı gənc kadrların yetişdirilməsinin, rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsinin, eləcə də bu istiqamətdə praktiki təşəbbüslərin dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.
Mərasimdə düşərgənin təşkilində fəal iştirak edən təlimçilərə və könüllülərə sertifikatlar, tərəfdaş və sponsorlara isə təşəkkürnamələr təqdim olunub. Ardınca “Gənclərin CTF Kuboku 2026” yarışının nəticələri açıqlanıb və qalib komandalar mükafatlandırılıb:
Yarışın nəticələrinə əsasən, III yerə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “ASOİUser Agents” komandası layiq görülüb. Komandanın bütün üzvlərinə “MilliSec” tərəfindən texnoloji avadanlıqların alınması üçün 500 AZN dəyərində hədiyyə kuponu təqdim olunub.
İkinci yerə Dövlət Gömrük Komitəsinin Akademiyasının “GrayHat” komandası layiq görülüb. Komanda üzvləri “B&B Security” tərəfindən planşetlər, “Fortinet” tərəfindən isə müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Cerberus” komandası isə birinci yerə layiq görülüb. Komandanın üzvlərinə “Techpro DC” tərəfindən noutbuklar, “MilliSec” tərəfindən isə kibertəhlükəsizlik təlimləri üzrə tam təqaüd kuponları təqdim olunub. Qalib komanda kubok və medallarla təltif edilib.
Qeyd edək ki, Kiber Düşərgə Gənclər və İdman Nazirliyinin dəstəyi, AKTA-nın təşkilatçılığı, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin tərəfdaşlığı ilə reallaşıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




















































































































