Ölkədə tibb sahəsində narazılıq doğuran əsas məsələlərdən biri təcili tibbi yardım xidmətinin əlçatan olmamasıdır.Yəni zaman-zaman ambulansların çağırışa zamanında yetişə bilməməsi müzakirə olunur, vaxtında müdaxilə olunmadığı üçün vəfat edən, daha da ağırlaşan xəstələrin olduğu qeyd edilir.
Bunun müxtəlif səbəbləri var. Bakı kimi böyük və əhalisi çox olan şəhərdə hər gün artan tıxac, küçə və prospektlərin təmiri təcili tibbi yardım avtomobillərinin ünvana çatmasına əngəldir. Lakin burada həm də ambulnsların sayı da rol oynayır. Çünki Bakıda əhali sayı artır, paytaxt iş və təhsil mərkəzi olduğu üçün əhali axını yüksək səviyyədədir. Belə olduqda bu say da əhali sayına uyğunlaşdırılmalıdır.
Bundan başqa, ambulanslarla bağlı əsas problem ətraf qəsəbələrdə yaşanır. Qəsəbələrdə və regionlarda da ambulanslar gözlənilən vaxtda imdada yetə bilmirlər. Halbuki bu ərazilərdə tıxac və sıxlıq problemi olmur.
Bəs, ətraf qəsəbələrdə ambulans çağırışa ən tezi niyə 1 saata çatır?
Xatırladaq ki, iyul ayından paytaxtda təcili yardım xidmətinin operativliyinin artırılması məqsədilə motosikletlərdən istifadə olunur. “Ambucycle” adlandırılan yeni xidmət modeli ilkin olaraq 10 motosikletlə mərhələli şəkildə tətbiq edilir.
Hazırda Azərbaycanda ümumilikdə neçə təcili tibbi yardım avtomobili xəttə buraxılır? Onlardan neçəsi Bakı şəhərində, neçəsi isə regionlarda fəaliyyət göstərir? Bir təcili tibbi yardım avtomobili gün ərzində orta hesabla neçə çağırışa xidmət göstərir?
2026-cı il ərzində neçə yeni təcili tibbi yardım avtomobilinin alınması planlaşdırılırmı?
Suallara cavab tapmaq üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.
Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin balansında 668 ambulans fəaliyyət göstərir.
Qeyd edilib ki, onlardan 155-i Bakı şəhəri üzrə, digər ambulanslar isə rayonlar üzrə xidmət göstərir. Bundan əlavə, 25 yeni ambulans rezervə daxil edilib.
Bakı şəhəri üzrə bir ambulansın gün ərzində orta hesabla 15–20 əsaslı çağırışa, rayonlar üzrə isə bir ambulansın orta hesabla 5–10 əsaslı çağırışa xidmət göstərdiyi məlumatda yer alıb.
Günay Şahmar, Bizim.Media

































































































