Məktəbli qızın makiyaj paylaşımına RƏSMİ REAKSİYA – VİDEO

Məktəbli qızın makiyaj paylaşımına RƏSMİ REAKSİYA – VİDEO

Hazırda oxunan: Məktəbli qızın makiyaj paylaşımına RƏSMİ REAKSİYA – VİDEO

636984

Yeni tədris ilinin başlaması ilə məktəblilərin iştirakı ilə çəkilən və sosial şəbəkələrdə yayılan müxtəlif görüntülər də gündəmə gəlir. Dünən elektron siqaret çəkən şagirdlərin görüntüləri yayılmışdı, bu gün isə dərsə hazırlaşarkən makiyaj edən və ilk dərs günü ilə bağlı təəssüratlarını paylaşan məktəbli qızın çəkdiyi vloq müzakirə olunur.
 

Məktəblərdə telefon istifadəsinə məhdudiyyətlərin tətbiq edilməsi fonunda bu cür görüntülərin çəkilib sosial mediada paylaşılması isə daha fundamental bir sualı ortaya çıxarır: Şagirdin məktəbdə davranışına və sosial mediada paylaşdığı görüntülərə görə məsuliyyət kimin üzərindədir?


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətininin rəhbəri Teymur Mərdanoğlu bildirib ki, məsuliyyəti yalnız məktəbin və ya müəllimin üzərinə qoymaq düzgün olmaz.

Teymur Mərdanoğlunun sözlərinə görə, məktəblilərlə bağlı müxtəlif görüntülərin sosial şəbəkələrdə yayılması bu məsələyə bir qədər daha geniş yanaşmağın vacibliyini göstərir.

O qeyd edib ki, uşağın məktəbdə davranışı və sosial mediadan istifadəsi ilk növbədə ailənin, məktəbin, müəllimin və əlbəttə ki, yaşına uyğun şəkildə uşağın öz məsuliyyətini əhatə edən məsələdir:
 

"Valideyn övladının hansı məzmunları izlədiyini, nə paylaşdığını və telefonundan necə istifadə etdiyini bilməli, uşaqlarla bu mövzuda davamlı söhbətlər aparmalıdır. Məktəb və müəllim də öz səlahiyyətləri çərçivəsində maarifləndirmə və nəzarət tədbirləri həyata keçirə bilər. Eyni zamanda, müəllimin uşağın davranışına müdaxiləsi zamanı onun hüquqları və ləyaqəti də qorunmalıdır. Məqsəd uşağı cəzalandırmaq deyil, düzgün davranışa yönləndirmək olmalıdır".


Komitə rəsmisi vurğulayıb ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi, şəxsi məlumatlarının və hüquqlarının qorunması ilə bağlı maarifləndirməni vacib istiqamətlərdən biri hesab edir.

Bu sahədə valideynlərin dəstəklənməsi, uşaqların sosial media və rəqəmsal təhlükəsizlik barədə məlumatlandırılması istiqamətində müxtəlif maarifləndirici tədbirlər həyata keçirilir. Əsas məsələ uşaqları rəqəmsal mühitdən təcrid etmək deyil, onları həmin mühitdə təhlükəsiz və məsuliyyətli davranmağa hazırlamaqdır.

Qeyd edək ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə və Bakı Şəhər Təhsil İdarəsinə sorğu göndərilib.



Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO