Ermənistanda müxalifət düşərgəsi daxilindəki parçalanma və qarşılıqlı ittihamlar daha da kəskinləşib. Edmon Marukyanın rəhbərlik etdiyi partiyanın seçki siyahısında 2-ci nömrə olan Karpis Paşoyan digər müxalif həmkarlarını ağır sözlərlə təhqir edib.
Bizim.Media xəbər verir ki, K.Paşoyan seçkilərdəki uğursuzluğa görə müxalifət düşərgəsini günahlandırıb:
"Hələ həftələr öncə proqnozlaşdırdığımız hadisə baş verdi. Bu, ona görə baş verdi ki, müxalifətçi həmkarlarımızın bir çoxu heç nəyi dinləməyən, başa düşməyən, lakin hər şeyi bildiyini iddia edən təkəbbürlü, xudbin və yarımçıq savadlı hinduşkalardır", - deyə o bildirib.
Paşoyan qeyd edib ki, aylarla hakimiyyətə qalib gəlməyin yeganə yolunun vahid cəbhədə birləşmək olduğunu desələr də, digər müxalif qüvvələr onlara yuxarıdan aşağı baxıblar:
"Edmon Marukyan bu birlik naminə, ümumiyyətlə, seçki siyahısına daxil olmamağa belə hazır idi. Lakin bizim o lovğa həmkarlarımız bizə yerimizi göstərir, Nikolun artıq bitdiyini və rəsmən qalib gəldiklərini deyirdilər".
Digər tərəfdən, Karpis Paşoyanın bu daxili gileyi Ermənistan siyasətində mühüm bir sirrin də rəsmən faş olunmasına səbəb olub. Belə ki, bu açıqlama ilə ilk dəfə olaraq rəsmi şəkildə etiraf edilib ki, Edmon Marukyan mövcud hakimiyyəti devirmək xatirinə Robert Köçəryan, Samvel Karapetyan və Qagik Çarukyan kimi revanşist qüvvələrlə belə ittifaqa girməyə hazır olub və şəxsən bunun üçün can atıb.

Bizim.Media







































































































