Gürcüstan Daxili İşlər Nazirliyi miqrasiya proseslərinin daha effektiv idarə olunması və dövlət təhlükəsizliyinin gücləndirilməsi məqsədilə geniş qanunvericilik dəyişiklikləri paketi hazırlayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.
Məlumata görə, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanuna və ondan irəli gələn digər normativ aktlara dəyişikliklər təklif olunur.
Nazirlik bildirib ki, hazırkı qanunvericilik xarici tələbələrin təhsili ilə bağlı məsələləri kifayət qədər tənzimləmir. Praktikada bəzi hallarda əcnəbi vətəndaşların formal olaraq ali məktəblərə qəbul olunduğu, lakin faktiki olaraq təhsil prosesində iştirak etmədiyi müəyyən edilib.
Təklif olunan dəyişikliklərə əsasən, xarici tələbələrin ali və peşə təhsili müəssisələrinə qəbul olunması üçün əlavə tələblər müəyyən ediləcək. Bunlara beynəlxalq dil sertifikatının təqdim edilməsi və ya Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzi tərəfindən təşkil olunan xarici dil və ya dövlət dili imtahanından keçmək daxildir.
Hökumət həmçinin təhsil müəssisələri üçün xarici tələbə qəbulu üzrə maksimal limit müəyyən edəcək.
Yeni qaydalara əsasən, təhsil müəssisələri xarici tələbələrin qəbul olunması, tələbə statusunun dayandırılması, bərpası, təhsilin başa çatdırılması və digər məlumatları vahid informasiya sisteminə daxil etməyə borclu olacaq. Bu tələbləri pozan müəssisələr cərimələnə, xarici tələbə qəbul etmək hüququndan məhrum edilə və hətta akkreditasiyalarını itirə bilərlər.
Dəyişikliklər təhsil məqsədli yaşayış icazələrinin verilməsi qaydalarını da əhatə edir.
Belə icazə yalnız akkreditə olunmuş ali və ya peşə təhsili müəssisəsində oxuyan yetkinlik yaşına çatmış şəxslərə veriləcək.
Bundan başqa, akademik tələblərə əməl etməyən, əmək fəaliyyəti qaydalarını pozan və ya qanunla müəyyən edilmiş müddət ərzində faktiki olaraq Gürcüstanda yaşamayan xarici tələbələrin yaşayış icazələri ləğv edilə biləcək.
Qanunvericilik paketində Gürcüstan vətəndaşı ilə əcnəbi arasında bağlanan nikahlar əsasında verilən yaşayış icazələri ilə bağlı da yeniliklər nəzərdə tutulur. Yeni yaşayış icazəsi növü – Gürcüstan vətəndaşının həyat yoldaşı üçün yaşayış icazəsi təsis ediləcək.
Bu icazənin verilməsindən əvvəl nikahın həqiqiliyi xüsusi komissiya tərəfindən yoxlanılacaq.
Dəyişikliklərə əsasən, Gürcüstan vətəndaşlığı, yaşayış icazəsi və ya ölkədə qalmaq üçün digər hüquqi əsas əldə etmək məqsədilə bağlanmış saxta nikahlar cinayət əməli hesab olunacaq.
Belə hallarda əcnəbinin ölkədən çıxarılması və 2 ildən 10 ilədək Gürcüstana girişinə qadağa qoyulması, cərimə, 1 ildən 2 ilədək ev dustaqlığı və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.
Qanun layihəsi həmçinin qeyri-qanuni miqrasiya ilə mübarizəni gücləndirmək məqsədilə Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinə operativ-axtarış tədbirləri həyata keçirmək səlahiyyəti verir.
Bundan əlavə, məhkəmə prosedurlarında da dəyişikliklər nəzərdə tutulur. Belə ki, şikayət müddətləri qısaldılır, işlərə baxılma vaxtı azaldılır və bəzi hallarda məhkəmə iclası keçirilmədən qərar qəbul etmək mümkün olacaq.
Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, dəyişikliklər Ədliyyə Nazirliyi və Təhsil, Elm və Gənclər Nazirliyi ilə birgə hazırlanıb və müasir miqrasiya çağırışlarına cavab verməklə əcnəbilərin ölkədə qalmasının daha şəffaf və təhlükəsiz şəkildə tənzimlənməsinə xidmət edəcək.
Bizim.Media








































































































