Yaddaş zəifləyirsə, diqqətli olun - Risk faktorları açıqlandı

Yaddaş zəifləyirsə, diqqətli olun - Risk faktorları açıqlandı

Hazırda oxunan: Yaddaş zəifləyirsə, diqqətli olun - Risk faktorları açıqlandı

617728

Yaşın artması ilə birlikdə unutqanlıq və yaddaş zəifləməsi halları daha çox müşahidə edilir. Lakin hər yaddaş problemi təbii yaşlanma prosesi ilə əlaqəli olmur. Açarları hara qoyduğunu unutmaq, tanış insanın adını xatırlamamaq, daha əvvəl gedilən yolu tapa bilməmək kimi hallar sadə unutqanlıq olmaya da bilər. Bu baxımdan demensiya və alzeymer son illər ən çox diqqət çəkən sağlamlıq problemləri sırasında yer alır.

Demensiya yaddaş, düşünmə və davranış funksiyalarının pozulması ilə xarakterizə olunan sindromdur. Alzeymer isə demensiyanın ən geniş yayılmış formalarından hesab edilir.

Bu xəstəliyin yaranma riskini artıran amillər hansılardır?

Nevroloq Röyanə Quluzadə Bizim.Media-ya açıqlamasında qeyd edir ki, sözügedən nevroloji vəziyyətin yaranması genetik faktorlarla da bağlı ola bilir:

“Dünyada və Azərbaycanda yaşlı əhalinin sayının artması ilə əlaqədar demensiya və alzeymer xəstəliyinin diaqnozlarında da artım müşahidə edilir. Eyni zamanda diaqnostik imkanların inkişaf etməsi xəstələrin daha erkən aşkar olunmasına şərait yaradır.

Ən mühüm risk faktoru yaşdır. Bundan əlavə, genetik meyllilik, arterial hipertenziya, şəkərli diabet, piylənmə, yüksək xolesterin, siqaret çəkmə, fiziki passivlik, yuxu pozuntuları və sosial təcrid demensiya riskini artıra bilər”.

Yaddaş pozuntusu hansı hallarda ciddi xəstəliyin əlaməti hesab oluna bilər?

R. Quluzadə bildirir ki, yaddaş problemləri gündəlik fəaliyyətə mane olursa, bu, həyəcan siqnalı ola bilər:
 

“Yaxın zamanda baş vermiş hadisələrin tez-tez unudulması, eyni sualların təkrar verilməsi, tanış yerlərdə istiqamətin itirilməsi, söz tapmaqda çətinlik və ya davranış dəyişiklikləri müşahidə olunursa, mütləq nevroloji müayinə tələb olunur”.


Xəstəliyin inkişaf riskini azaltmaqla bağlı mütəxəssis profilaktik tədbirlər məsləhət görüb. Onun sözlərinə görə, beyin sağlamlığını qorumaq üçün arterial təzyiq, şəkər və xolesterin nəzarətdə saxlanılmalı, müntəzəm fiziki aktivliklə məşğul olunmalı, sağlam qidalanma prinsiplərinə əməl edilməli, kifayət qədər yuxu alınmalı, siqaret və alkoqoldan uzaq durulmalıdır. Həmçinin mütaliə, yeni biliklər öyrənmək və aktiv sosial həyat beyin fəaliyyətinin qorunmasına kömək edir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO