“Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci ildə apardığı sorğuya görə, ölkəmizdə 10-17 yaş aralığındakı uşaqların 89 faizi smartfon istifadəçisidir. Onların 76 faizi gündəlik olaraq sosial media platformalarına daxil olur. Gündəlik orta sosial media istifadə müddəti göstərilən yaş qrupunda 4 saat 12 dəqiqədir – yəni, bir uşağın oyaq qaldığı vaxtın 30 faizinə bərabərdir”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə bir neçə komitənin birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, ölkəmizdə 12-15 yaş qrupundakı uşaqların 42 faizi gecə saat 23:00-dan 02:00-a qədər olan vaxtı telefonda keçirir:
"Gecə sosial media aktivliyi həm yuxu çatışmazlığına, həm də dərs uğursuzluğuna birbaşa təsir göstərir. Respublika Uşaq Klinikasının statistikasına görə, 2022-2025-ci illər arasında ekran vaxtı ilə bağlı psixoloji müraciətlər 4,7 dəfə artıb.
Rəqəmlər yalnız böyük şəhərlərdə deyil, rayon mərkəzlərinin tibb müəssisələrini də əhatə edir. Uşaqlar tez-tez yerini, məktəbini, dost dairəsini, gün rejimlərini sosial mediada paylaşır. Məlumatlar cinayətkar şəxslər, o cümlədən pedofillər tərəfindən aktiv şəkildə istifadə edilir. Uşaqların 58 faizi ailəsi ilə birgə nahar zamanı masada oturarkən telefona baxır. Valideynlərin 67 faizi övladları ilə keyfiyyətli ünsiyyət və mənalı söhbətin 5 ildə 44 faiz azaldığını bildirib".
Komitə sədrinin sözlərinə görə, sosial media asılılığının ailə büdcəsinə də birbaşa təsiri var:
"Gənclər tərəfindən edilən impulsiv alışlar – oyun içi satınalmalar, influencer reklamları ilə yönəldilən istehlak, abunəlik xidmətləri – ailə büdcəsindən xeyli vəsait aparır. 12-18 yaş qrupundakı gənclərin aylıq ortalama rəqəmsal xərcləri 40-70 manata, yəni orta ailə büdcəsinin 6-12 faizinə bərabərdir".
Günay Şahmar, Bizim.Media







































































































