İşğal olunan Krımda sərnişin qatarının hədəf alınması ilə nəticələnən ağır insident qeydə alınıb. Yarımadanın “rəhbəri” Sergey Aksyonovun verdiyi məlumata görə, Moskva-Simferopol marşrutu üzrə hərəkət edən sərnişin qatarının teplovozu (lokomotivi) pilotsuz uçuş aparatı (PUA) tərəfindən hücuma məruz qalıb.
Bizim.Media Rusiya mediasına istinadən xəbər verir ki, zərbə nəticəsində qatar heyəti arasında itki qeydə alınıb.
Hadisə zamanı maşinistin köməkçisi həlak olub, maşinist isə ağır yaralanıb. Qatarın vaqonlarında olan sərnişinlər arasında isə xəsarət alan olmayıb.
“Grand Service Express” daşıyıcı şirkətindən verilən açıqlamaya görə, baş vermiş hücumdan dərhal sonra təhlükəsizlik tədbirləri çərçivəsində Krım ərazisində sərnişin qatarlarının planlı hərəkəti müvəqqəti olaraq tam dayandırılıb.
Yarımada ərazisində hərəkətdə olan və dayandırılan bütün qatarlardakı sərnişinlər təcili şəkildə təxliyə ediliblər. Moskva-Simferopol və Sankt-Peterburq-Simferopol reysləri də daxil olmaqla, sərnişinlərin təyinat məntəqələrinə çatdırılması üçün xüsusi avtobus marşrutları təşkil olunub.
Hazırda hadisə yerində operativ qəza-xilasetmə qüvvələri və hüquq-mühafizə orqanları işləyir. İnsident səbəbindən digər istiqamətlərdən Krıma gələn qatarların hərəkət qrafikində də çoxsaatlıq gecikmələr yaranıb.
Bizim.Media








































































































