Rusiya Ermənistandan balıq tədarükünə qoyulan məhdudiyyətləri daha da genişləndirə biləcəyini açıqlayıb.
Bizim.Media Rusiya KİV-ə istinadla xəbər verir ki, bunu İlya Şestakov bildirib.
Onun sözlərinə görə, Rusiya artıq Ermənistandan diri balıq idxalına məhdudiyyət tətbiq edib.
“Əgər baytarlıq risklərinin yarana biləcəyi amillər aşkarlanarsa və bu məhsulların ölkənin baytarlıq təhlükəsizliyinə təsir göstərə biləcəyi müəyyən olunarsa, əlavə tədbirlər görüləcək”, – deyə Şestakov bildirib.
O qeyd edib ki, Ermənistandan Rusiyaya yalnız diri deyil, həm də soyudulmuş balıq məhsulları ixrac olunur. Şestakovun sözlərinə görə, Ermənistan xüsusilə forel balığının tədarükündə Rusiyanın əsas idxalçıları sırasında yer alıb.
Bununla belə, o vurğulayıb ki, mümkün məhdudiyyətlər Rusiya daxili bazarında məhsul qıtlığı yaratmayacaq:
“Rusiyada forel istehsalı kifayət qədərdir. İdxalın azalması digər ölkələr, o cümlədən Türkiyə hesabına kompensasiya olunacaq”.
Qeyd edək ki, may ayının sonlarından etibarən Rusiya Ermənistandan bir sıra kənd təsərrüfatı məhsullarının idxalına da məhdudiyyətlər tətbiq edib. Qadağalar çiçəklər, pomidor, xiyar, bibər, göyərti, çiyələk, çəyirdəkli meyvələr, təzə üzüm, badımcan, kartof və quru meyvələri əhatə edir.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə bu məhdudiyyətləri siyasi motivli addımlar kimi qiymətləndirib.
Bizim.Media







































































































