Yay fəslinin gəlişi və havaların isinməsi ilə evləri havalandırmaq üçün pəncərələr açılsa da, bu vəziyyət milçək vəağcaqanadların içəri dolmasına şərait yaradır. Gecələr narahatlıq yaradan vızıltılar və sonradan bədəndə qalan qaşıntılı qızartılar bir çoxları üçün ciddi problemə çevrilir.
Bizim.Media xəbər verir ki, bu növ hallardan qorunmaq məqsədilə kimyəvi tərkibli spreylərdən, aerozollardan və ya xüsusi mayelərdən istifadə olunsa da, mütəxəssislər qapalı məkanlarda bu maddələrin tənəffüs edilməsinin insan sağlamlığına, xüsusən də uşaqlara və allergiyası olan şəxslərə mənfi təsir göstərdiyini bildirirlər.
Bu səbəbdən son dövrlərdə tamamilə təbii və bitki mənşəli üsullara üstünlük verilir.
Ağcaqanadlar insanları havaya ifraz olunan karbon qazı və bədən hərarətinə görə tapsalar da, onların çox güclü iybilmə qabiliyyəti var. Təbiətdəki bəzi bitkilərin yaydığı kəskin və aromatik qoxular bu həşəratların istiqamət tənzimləmə mexanizmini iflic edərək onları məkandan uzaqlaşdırır. Pəncərə kənarlarına, eyvanlara və giriş qapılarının yaxınlığına yerləşdirilən bəzi təbii vasitələr evdə görünməz bir mühafizə qalxanı yaradır.
Dibçəklərdə yetişdirilən təzə reyhan və ya nanə bitkiləri pəncərə önünə qoyulduqda, küləyin təsiri ilə otağa xoş ətir yaymaqla bərabər, ağcaqanadların içəri daxil olmasının qarşısını alır. Eyni zamanda rozmarin və lavanda kimi kəskin efir yağlarına malik bitkilər də pəncərələr üçün ən etibarlı qoruyuculardan hesab olunur.
Evdə dibçək bitkiləri saxlamaq istəməyənlər üçün digər praktiki və effektiv üsul limon və qərənfil kombinasiyasıdır. Ortadan ikiyə bölünmüş təzə limonların üzərinə çoxlu sayda quru qərənfil dənəcikləri sancaraq pəncərə kənarlarına düzmək kifayətdir. Qərənfil və limonun birləşməsindən yaranan kəskin turş qoxu həşəratların evə yaxınlaşmasını tamamilə əngəlləyir.
Təbii üsulların ən böyük üstünlüyü kimyəvi preparatlar kimi müəyyən müddətdən sonra təsirini itirməməsi və büdcəyə heç bir ziyan vurmamağıdır.
Pəncərə kənarlarına yerləşdirilən aromatik bitkilər və ya limon-qərənfil qarışığı sayəsində yayın ən isti üç ayı ərzində evdə rahat və kəsintisiz yuxu təmin olunur. Otaq havasını təbii şəkildə təmizləyən və ağcaqanadları saniyələr içində uzaqlaşdıran bu bitki mənşəli metodlar sağlam həyat tərzi üçün olduqca faydalıdır. (Demokrat.az)
Bizim.Media







































































































