Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının mütləq qələbə qazanması beynəlxalq müstəvidə rezonans doğurmaqda davam edir. Avropa İttifaqı rəhbərliyinin ardınca, Ukrayna Prezidenti Volodimir Zelenski də Ermənistanın Baş naziri Nikol Paşinyana təbrik mesajı ünvanlayıb.
Bizim.Media xəbər verir ki, Volodimir Zelenski bu qələbəni Ermənistanın müstəqillik və suverenlik xəttinin təsdiqi kimi qiymətləndirib.
Ukrayna dövlət başçısı öz təbrikində rəsmi İrəvanın seçiminə dəstək verərək, Avropa İttifaqına da çağırış edib:
"Hörmətli Nikol Paşinyan, sizi seçkilərdə qazandığınız qələbə münasibətilə təbrik edir və uğurlar arzulayıram. Bu, həm də Ermənistanın suverenliyinin, onun müstəqilliyinin və erməni xalqının özünün seçdiyi kimi yaşamaq hüququnun qələbəsidir. Ukrayna Ermənistan ilə əməkdaşlığı genişləndirməyə tam hazırdır".
Zelenski öz müraciətində rəsmi İrəvanın Qərbə inteqrasiya prosesinə toxunaraq, Brüsselin daha cəsarətli addımlar atmalı olduğunu vurğulayıb:
"İndi Avropa İttifaqının Ermənistana real dəstək göstərməsinin və insanların Avropa ilə münasibətlərin onların həyatını yaxşılaşdırdığını hiss etməsi üçün hər şeyi etməsinin tam vaxtıdır. Bu, Avropa İttifaqı üçün bir sınaqdır. Zamanı itirməmək və imkanları əldən verməmək olduqca vacibdir".
Siyasi ekspertlərin fikrincə, Zelenskinin bu bəyanatı rəsmi Kiyevin Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlara, xüsusilə Ermənistanın Rusiyadan uzaqlaşaraq Avroatlantik məkana yaxınlaşmaq cəhdlərinə verdiyi açıq dəstəyin göstəricisidir.
Bizim.Media







































































































