Natiq Məmmədli: “Rəqəmsal mühitdə maarifləndirici və faydalı resursların sayını artırmalıyıq”

Natiq Məmmədli: “Rəqəmsal mühitdə maarifləndirici və faydalı resursların sayını artırmalıyıq”

Hazırda oxunan: Natiq Məmmədli: “Rəqəmsal mühitdə maarifləndirici və faydalı resursların sayını artırmalıyıq”

617934

“Qanun layihəsi ilə bağlı müxtəlif fikirlər səslənəcək. Təcrübə göstərir ki, belə təşəbbüslər ortaya çıxanda çox zaman spekulyativ yanaşmalar və yanlış şərhlər daha sürətlə yayılır. Sonradan isə biz həmin məlumatları təkzib etməyə və ya düzəliş verməyə çalışırıq. Təəssüf ki, bu yanaşma hər zaman kifayət qədər effektiv olmur”.

Bizim.Media xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında deyib.

O bildirib ki, buna görə informasiya siyasətində təşəbbüsünü öz əlimizə almalıyıq:

"Bu qanun cəmiyyətə qadağa kimi deyil, uşaqlar üçün yeni imkanlar yaradan bir təşəbbüs kimi təqdim edilməlidir. Çünki burada məqsəd sadəcə məhdudiyyət tətbiq etmək deyil. Biz sosial şəbəkələrdə məqsədsiz və sistemsiz şəkildə vaxt keçirilməsini məhdudlaşdırırıq. Eyni zamanda bunun alternativini də təklif etməliyik. Uşaqlara faydalı informasiya təqdim etməli, maarifləndirmə işini elə qurmalıyıq ki, sosial şəbəkələrdə keçirilən vaxtın əvəzinə kitab oxumaq, yeni biliklər əldə etmək, maraqlı məzmun yaratmaq və digər faydalı fəaliyyətlər təşviq olunsun".

Natiq Məmmədli qeyd edib ki, bu gün məktəb tapşırıqları elədir ki, uşaqlar bunun üçün internetdən istifadə etməli olurlar:

"Ona görə də məqsəd internetdən istifadənin qarşısını almaq deyil, onun daha səmərəli və təhlükəsiz istifadəsini təmin etməkdir. Bu baxımdan rəqəmsal mühitdə maarifləndirici və faydalı resursların sayını artırmalıyıq ki, uşaqlar zərərli məzmunun alternativini görə bilsinlər".

Qurum rəsmisi bu işdə maarifləndirmə işinin aparılmasını əsas hesab edib:

"Bu qanunun ictimai müzakirəsi ilə paralel olaraq media da öz fəaliyyət istiqamətlərini daha dəqiq müəyyənləşdirməlidir. Cəmiyyətin rəqəmsal savadlılığının artırılması, gənc nəslin qorunması və onlara yeni imkanların yaradılması istiqamətində ciddi fəaliyyət göstərilməlidir. Maarifləndirmə Azərbaycan mediasının yaranışından etibarən əsas funksiyalarından biri olub. Düşünürəm ki, bu gündən başlayaraq həmin istiqamətdə fəaliyyətimizi daha da gücləndirməliyik".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO