Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ermənistanda keçirilən parlament seçkilərinin yekunları və Nikol Paşinyanın rəhbərlik etdiyi partiyanın qələbəsi barədə diqqətçəkən bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, Saakaşvili şəxsi sosial şəbəkə hesabı vasitəsilə etdiyi paylaşımda bu seçkilərin təkcə Ermənistan üçün deyil, bütövlükdə region üçün tarixi dönüş nöqtəsi olduğunu vurğulayıb.
Sabiq prezident Ermənistan xalqının seçiminə yüksək qiymət verərək bu ifadələri işlədib:
"Dünən Ermənistanda həm bizim regionun, həm də Rusiyanın taleyini müəyyən edəcək tarixi bir hadisə baş verdi. Erməni xalqı Putinin birbaşa şantajına boyun əymədi, rəsmi təbliğata və şayiələrə qulaq asmadı, pula və boş vədlərə satılmayaraq yenidən Paşinyanı seçdi".
Mixail Saakaşvili seçki nəticələrindən sonra rəsmi İrəvanın xarici siyasət kursunun tamamilə dəyişdiyini və Kremlin bölgədəki təsir rıçaqlarının sındığını qeyd edib:
"Bu seçkilərlə birlikdə Ermənistanın Qərbə doğru hərəkəti artıq dönməz bir mərhələyə qədəm qoydu".
Xatırladaq ki, seçkilərin rəsmi nəticələrinə əsasən, Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası parlamentdə 61 mandat qazanaraq təkbaşına hökumət qurmaq hüququ əldə edib, rusiyayönümlü müxalifət blokları isə azlıqda qalıb.
Bizim.Media







































































































