Suriyanın Baş Təhlükəsizlik İdarəsinin keçmiş rəhbəri, Bəşər Əsəd rejiminin işgəncə, qətl və digər cinayətlərində ittiham olunan Hüsam Luka Moskvada gizlənir.
Bizim.Media xəbər verir ki, bu barədə BBC News araşdırma apararaq məlumat əldə edib.
«Hörümçək» ləqəbi ilə tanınan Luka Suriyanın ən nüfuzlu və qəddar təhlükəsizlik xidməti əməkdaşlarından biri hesab olunurdu.
O, vətəndaş müharibəsinin ilk illərində Homs şəhərində siyasi təhlükəsizlik xidmətinə rəhbərlik edib, daha sonra isə Əsəd rejiminin əsas kəşfiyyat strukturlarından biri olan Baş Təhlükəsizlik İdarəsinin rəhbəri olub. Luka Böyük Britaniya, ABŞ və Avropa İttifaqının sanksiyaları altındadır.
Əsədin 2024-cü ilin dekabrında devrilməsindən sonra Luka yoxa çıxıb. BBC jurnalistləri Dəməşqdə onun tərk edilmiş mənzilində fotoşəkillər, sənədlər, mükafatlar və 155 telefon nömrəsinin qeyd edildiyi dəftər aşkar ediblər. Bu məlumatlar keçmiş təhlükəsizlik əməkdaşının axtarışına başlamağa imkan verib.
Araşdırma zamanı jurnalistlər Lukanın keçmiş mühafizəçisi ilə əlaqə saxlayıblar. Onun sözlərinə görə, rejimin son saatlarında Luka Dəməşqi müdafiə etmək üçün şəhərdə qalacağını bildirib. Lakin qısa müddət sonra ofisindəki seyfdən böyük məbləğdə pul götürərək yoxa çıxıb. Daha sonra jurnalistlər onun sürücüsünün Lukanı paytaxtdan çıxartdığını öyrəniblər.
Livan hökumətindəki mənbənin məlumatına görə, Luka başqa şəxsin adına verilmiş Rusiya pasportu ilə Livana keçib və daha sonra Rusiyaya uçub. Dəməşqdəki mənzilində Rusiya xarici kəşfiyyat xidmətinə aid mükafatların və yüksək vəzifəli rusiyalı məmurun Yeni il təbrik kartının aşkarlanması da diqqət çəkib.
Daha sonra jurnalistlər mənbənin Lukanın istifadə etdiyini bildirdiyi Rusiya telefon nömrəsini əldə ediblər.
Telefon danışığı zamanı qarşı tərəfdəki şəxs jurnalistlərin fikrincə, yalnız keçmiş suriyalı təhlükəsizlik əməkdaşının bilə biləcəyi suallara düzgün cavab verib.
Daha sonra Luka BBC ilə söhbət zamanı şəxsiyyətini özü təsdiqləyib, lakin ona qarşı irəli sürülən ittihamları müzakirə etməkdən imtina edib.
«Mənim vəziyyətimdə telefonla danışmaqla özümü riskə ata bilmərəm», - deyə o, Rusiyada olmasının səbəblərini izah etməkdən yayınaraq bildirib.
BBC həmçinin Luka ilə əlaqəli ikinci telefon nömrəsi əldə edib və bir sutka ərzində onun Moskvanın iki şəhərətrafı rayonunda yerini müəyyənləşdirə bilib. Jurnalistlərin təkrar zənglərinə cavab verilməyib. İttihamlarla bağlı şərh verməsi xahişi ilə göndərilən mesaja da reaksiya olmayıb.
Suriyada Luka barəsində qəsdən adam öldürmə, işgəncə və işgəncə nəticəsində ölüm ittihamları ilə cinayət işi açılıb. Ölkənin baş prokuroru Həsən əl-Turba BBC-yə bildirib ki, Suriya hakimiyyəti onun ölkə daxilində həbsinə dair order yayıb və sənədin beynəlxalq səviyyədə yayılması üzərində işləyir. Həmçinin Lukanın və Əsəd rejiminin digər yüksək vəzifəli məmurlarının yerinin müəyyənləşdirilməsi və ekstradisiyasının təmin edilməsi istiqamətində tədbirlər görülür.
Luka ilə əlaqələndirilən epizodlardan biri 2015-ci ilin sentyabrında Homs şəhərində baş vermiş «Qurban bayramı qətliamı»dır.
Suriya İnsan Haqları Şəbəkəsinin məlumatına görə, Əl-Vaer rayonuna endirilən zərbə nəticəsində 28 nəfər, o cümlədən 17 uşaq və 4 qadın həlak olub. Həmin dövrdə suriyalı fəallar və müxalifət nəşri Lukanın hücum üçün hədəflərin müəyyənləşdirilməsində iştirak etdiyini iddia ediblər.
Əsəd rejiminin süqutundan sonra Suriyada keçmiş təhlükəsizlik xidməti əməkdaşlarının məsuliyyətə cəlb olunması tələbləri güclənib. Lukanın Rusiyada aşkarlanması isə onun ekstradisiyası perspektivlərini çətinləşdirir. Rusiya Əsəd rejiminin əsas müttəfiqlərindən biri olub və keçmiş Suriya prezidentinə devrilməsindən sonra sığınacaq verib.
Rusiya hakimiyyəti BBC-nin Lukanın Moskvada olması və keçmiş suriyalı təhlükəsizlik əməkdaşının mümkün ekstradisiyası ilə bağlı sorğusunu cavabsız qoyub.
Bizim.Media






































































































