VI “Qızıl Şah” Milli Kulinariya Çempionatı keçirilir – FOTO/VİDEO

VI “Qızıl Şah” Milli Kulinariya Çempionatı keçirilir – FOTO/VİDEO

Hazırda oxunan: VI “Qızıl Şah” Milli Kulinariya Çempionatı keçirilir – FOTO/VİDEO

611789

Mayın 5-dən start götürmüş 31-ci Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerbaijan”) çərçivəsində “Qızıl Şah” Milli Kulinariya Çempionatı keçirilir.

Bizim.Media xəbər verir ki, sabah yekunlaşacaq çempionat Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi, Ümumdünya Usta Aşpazlar Cəmiyyətləri Assosiasiyasının (“Wordlchefs”) tərəfdaşlığı ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) tərəfindən təşkil olunub.

Çempionatın keçirilməsində əsas məqsəd qastronomiyanın inkişafına töhfə vermək, o cümlədən qastroturizm potensialının genişləndirilməsini, qaliblərin beynəlxalq yarışlarda iştirakını, kulinariya üzrə beynəlxalq aşpazların təcrübəsinin mənimsənilməsi ilə bacarıqlarının inkişaf etdirilməsini, eləcə də milli mətbəx nümunələrimizin hazırlanma metodologiyasının dünya aşpazları tərəfindən öyrənilməsini, bütövlükdə ölkəmizin qastroturizm destinasiyası kimi tanınmasını təmin etməkdir.

Builki çempionatın proqramına fərdi aşpaz kateqoriyaları, şirniyyatçılıq sənəti, komanda yarışları və gənclər (junior) kateqoriyaları daxildir.

Bu il çempionatda innovasiyalara, davamlı inkişafa və milli kulinariya ənənələrinin müasir beynəlxalq tendensiyalarla vəhdətinə xüsusi diqqət yetirilir. Yarışlarda Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, Serbiya, Rusiya, Belarus, Xorvatiya, Rumıniya və Ukraynadan komandalar iştirak edir.
 

6-cı “Qızıl Şah” Milli Kulinariya Çempionatının münsiflər heyəti ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Almaniya və digər ölkələrdən olan, “Worldchefs” tərəfindən lisenziyalaşdırılmış beynəlxalq hakim-aşpazlardan ibarətdir.


Dövlət Turizm Agentliyinin Qastronomiya şöbəsinin direktoru Səkinə Əsgərova jurnalistlərə açıqlamasında bildirdi ki, mayın 8-də Türkiyə və Pakistan milli komandalarının menyuları təqdim edildikdən sonra, xüsusi hazırlanmış münsiflər heyəti tərəfindən iştirakçılar qiymətləndiriləcək.

Beləliklə, 6-cı Qızıl Şah Çempionatının müxtəlif kateqoriyalar üzrə çempionları və laureatları müəyyənləşəcək.

Qeyd edək ki, 2019-cu ildən etibarən keçirilən çempionatda yerli və əcnəbi aşpazlar individual, həmçinin komanda şəklində müxtəlif yarış kateqoriyalarında iştirak edirlər. “Qızıl Şah” Milli Kulinariya Çempionatı 2024-cü ildən etibarən “Wordlchefs” ilə birgə təşkil edilən “Gold Shah” kontinental (qitə) aşpazlar çempionatına ev sahibliyi etmək hüququnu əldə edib.

“Wordlchefs” tərəfindən rəsmi olaraq tanınan ilk yerli çempionat kimi “Qızıl Şah” Milli Kulinariya Çempionatı digər ölkələrin də komandalarını qəbul etmək imkanı qazanıb. Bundan əlavə, beynəlxalq tanınma nəticəsində müsabiqənin qaydaları təkmilləşdirilərək daha yüksək səviyyəli hakimlər münsiflər heyətinə cəlb edilib.

S.Əsgərova onu da diqqətə çatdırdı ki, regionda və ümumiyyətlə postsovet ölkələri arasında Azərbaycan ilk və hələ ki tək bu hüququ almış ölkədir.

“Qızıl Şah” çempionatı kulinariya sahəsində yeni istedadların üzə çıxarılması, təcrübə mübadiləsi və Azərbaycanın qastronomiya mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması üçün mühüm platforma olaraq inkişafını davam etdirir.




Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO