
- A-
- A
- A+
Səhranın ortasında nəhəng süni buzlaqlar inşa edirlər: Su qıtlığına qeyri-adi həll yolu
Hindistanın yüksək dağlıq və soyuq səhra bölgəsi olan Ladaxda (Ladakh) qlobal istiləşmə səbəbindən əriyən təbii buzlaqların yaratdığı su qıtlığını aradan qaldırmaq üçün "Buz Stupası" (Ice Stupa) adlanan nəhəng süni buz piramidaları inşa edilir.
Bizim.Media xəbər verir ki, yaz aylarındakı əkin mövsümündə çayların quruması, suyun isə yalnız qış aylarında axması səbəbindən həyata keçirilən layihə çərçivəsində inşa ediləcək yeni buz kütlələrinin 30-40 metr hündürlüyə (təxminən 13 mərtəbəli bina hündürlüyünə) çatması və 16 milyon litrə yaxın su ehtiyatı toplaması hədəflənir.
Bölgədə qışda boşa axan suların toplanması ideyası ilk dəfə 1980-ci illərin sonunda inşaat mühəndisi Çevanq Norfel tərəfindən düz buz rezervuarları şəklində tətbiq edilsə də, həmin qurğuların geniş səth sahəsinə görə günəş şüaları altında tez əriməsi yeni həll yolları axtarışına səbəb olub.
Problemin həlli üçün hindistanlı mühəndis Sonam Vanqçuk 2013-2014-cü illərin qışında təxminən 3200 metr yüksəklikdə konusvari ilk "Buz Stupası" prototipini yaradıb.
Adını günbəz formalı buddist abidələrindən alan və təxminən 6 metr hündürlüyündə olan həmin ilkin tikili 150 min litr su depolamağa nail olub.
Mütəxəssislər bildirirlər ki, konusvari həndəsi quruluşu sayəsində bu süni buzlaqlar düz donmuş gölməçələrlə müqayisədə günəş işığına daha az məruz qalır və bu da ərimə prosesini xeyli ləngidir. Hesablamalara görə, konusun hündürlüyü iki dəfə artdıqda səth sahəsi 4 dəfə, ümumi həcmi isə 8 dəfə artır. Bu texnologiya qışda dondurulan suları yaz əkin mövsümünə qədər qoruyub saxlamağa imkan verir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































