
- A-
- A
- A+
Malların təhlükəsizliyi ilə bağlı yeni qaydalar
Azərbaycanda malların uyğunluğunun qiymətləndirilməsi və təhlükəsizlik tələblərinin müəyyənləşdirilməsi qaydalarına dəyişiklik edilir.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Texniki tənzimləmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Dəyişikliklərin əsas məqsədi malların təhlükəsizliyinin qiymətləndirilməsi zamanı risk səviyyəsi anlayışının təhlükənin dərəcəsi ilə əvəz edilməsi, eləcə də uyğunluq sertifikatı və bəyannaməsinin tələb olunması qaydalarının dəqiqləşdirilməsidir.
“Texniki tənzimləmə haqqında” Qanuna təklif edilən dəyişikliklərə əsasən malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına yarada biləcəyi təhlükənin dərəcəsi nəzərə alınmaqla texniki reqlamentlərdə təhlükəsizlik tələbləri müəyyən ediləcək.
Bundan başqa, mala dair uyğunluq sertifikatının və ya uyğunluq bəyannaməsinin tələb olunması həmin malın təhlükəsizlik tələblərini əks etdirən texniki reqlamentdə göstəriləcək.
Dəyişikliklərə görə, uyğunluq sertifikatının tələb olunduğu hallar da texniki reqlamentlə müəyyənləşdiriləcək. Uyğunluq bəyannaməsi isə təsərrüfat subyekti tərəfindən tərtib ediləcək.
Eyni zamanda, texniki reqlamentlərdə nəzərdə tutulduğu hallarda uyğunluq bəyannaməsi ilə yanaşı, uyğunluğun təsdiqlənməsi məqsədilə uyğunluğu qiymətləndirən qurumun cəlb edilməsi də tələb olunacaq.
Beləliklə, təklif olunan dəyişikliklərlə malların hansı hallarda sertifikat və ya bəyannamə ilə təmin edilməli olduğu texniki reqlamentlər əsasında müəyyənləşdiriləcək. Qiymətləndirmədə isə məhsulun yarada biləcəyi təhlükənin dərəcəsi əsas götürüləcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































