
- A-
- A
- A+
Xarici təşkilatların ölkəmizdəki filiallarının fəaliyyəti bu hallarda dayandırılacaq
Azərbaycanda QHT-lərin və xarici təşkilatların ölkədəki filial və nümayəndəliklərinin fəaliyyətinin dayandırılması ilə bağlı yeni hallar müəyyən edilir.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, QHT-lərin fəaliyyətinin dayandırılması barədə qərarın məhkəmə tərəfindən deyil, müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilməsi təklif olunur.
Bundan başqa, fəaliyyətin dayandırılması üçün aşağıdakı hallar nəzərdə tutulur:
-Xarici QHT-lərin Azərbaycandakı filial və nümayəndəlikləri ilə bağlanmış sazişin müddəti başa çatdıqda və onun uzadılması ilə bağlı müraciət daxil olduqda;
-QHT və xarici təşkilatların filial və nümayəndəlikləri fəaliyyətlərinin şəffaflığını təmin etmədikdə;
-Korrupsiya hüquqpozmalarının, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, habelə hədəfli maliyyə sanksiyalarının tətbiqi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirləri yerinə yetirmədikdə;
-İctimai birliyin icra orqanının, fondun prezidentinin və ya idarə heyətinin, eləcə də xarici QHT-lərin Azərbaycandakı filial və nümayəndəlik rəhbərlərinin səlahiyyət müddəti başa çatdıqdan sonra üç ay ərzində dövlət reyestrində müvafiq dəyişiklik edilmədikdə.
Qeyd edək ki, layihə ilə QHT-lərin fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı prosedurlara dəyişiklik edilməsi nəzərdə tutulur.
Bundan başqa, ölkədə qeyri-hökumət təşkilatlarının (QHT), eləcə də xarici QHT-lərin ölkədəki filial və nümayəndəliklərinin müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmə qərarı ilə ləğv edilməsinə səbəb ola biləcək hallar müəyyənləşdirilir.
Layihəyə əsasən, QHT-lər müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmə qərarı ilə bir sıra hallarda ləğv edilə biləcək.
Belə hallar aşağıdakılardır:
-Təşkilatın fəaliyyəti dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdıqda, insanların həyat və sağlamlığı üçün real təhlükə törətdikdə;
-Xarici QHT-lərin filial və nümayəndəlikləri ilə bağlanmış sazişin müddəti başa çatdıqda, onun uzadılması üçün müraciət edilmədikdə və ya müddət uzadılmadıqda;
-Bir il ərzində təşkilata iki və ya daha çox yazılı xəbərdarlıq edildikdə və ya pozuntuların aradan qaldırılması barədə göstəriş verildikdə;
-QHT-nin ali idarəetmə orqanı olan ümumi yığıncaq ardıcıl üç il ərzində çağırılmadıqda;
-Təşkilat üç ildən artıq müddətdə fəaliyyət göstərmədikdə;
-Fəaliyyətin dayandırılmasına səbəb olmuş pozuntular müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda və ya fəaliyyətin dayandırıldığı dövrdə qanunla istisna edilən hallar xaricində hər hansı fəaliyyət həyata keçirildikdə;
-Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və ya QHT-lərlə bağlı qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyətə cəlb edildikdən sonra pozuntular aradan qaldırılmadıqda;
-Təşkilat qanunla müəyyən edilmiş növlərə və ya nizamnaməsində göstərilən məqsədlərə uyğun fəaliyyət göstərmədikdə.
Qanun layihəsində QHT-lərin fəaliyyətinin dayandırılmasına səbəb olmuş pozuntular aradan qaldırıldıqda onların fəaliyyətinin vaxtından əvvəl bərpa edilməsi də nəzərdə tutulur. Bu barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul ediləcək.
Qanun layihəsi müzkirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































