
- A-
- A
- A+
Könüllülərin fəaliyyəti ilə bağlı yeni tələb
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.
Bizim.Media xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasının müzakirəsinə çıxarılıb.
Dəyişikliklərə əsasən, könüllü fəaliyyətin iştirakçıları da əməyin mühafizəsi ilə bağlı müvafiq tələblərin əhatə dairəsinə daxil ediləcək.
Bu, könüllülərin fəaliyyət zamanı təhlükəsizliyinin təmin olunmasına qanunvericilik səviyyəsində diqqətin artırılması deməkdir.
Bununla yanaşı, Dövlət Əməyin Mühafizəsi Fondu istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların, müəssisələrin və vətəndaşların könüllü ödəmələri, eləcə də qanunda nəzərdə tutulan digər mənbələr hesabına təşkil ediləcək.
Qeyd edək ki, təklif olunan dəyişikliklər könüllülərin əməyin mühafizəsi ilə bağlı hüquqi təminatlarının genişləndirilməsinə və Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyələşmə mənbələrinin müəyyənləşdirilməsinə yönəlib.
Qanun layihəsi müzkirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































