Kiçik yaşlı uşağın hansı orqanları yetkin insana köçürülə bilər? - Yeganə Abbasova ilə müsahibə

Kiçik yaşlı uşağın hansı orqanları yetkin insana köçürülə bilər? - Yeganə Abbasova ilə müsahibə

Hazırda oxunan: Kiçik yaşlı uşağın hansı orqanları yetkin insana köçürülə bilər? - Yeganə Abbasova ilə müsahibə
649963
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir insanın ölümü başqa bir insanın həyatı üçün ümidə çevrilə bilər. Lakin orqan donorluğu və transplantasiya təkcə tibbi imkanlarla məhdudlaşmır. Bu prosesin qarşısında hüquqi, tibbi, sosial və mənəvi baryerlər də var. Meyit donordan orqan köçürülməsi, donor çatışmazlığı, sümük iliyi transplantasiyası və cəmiyyətin donorluğa münasibəti isə müzakirə olunan əsas məsələlərdəndir.

Bizim.Media mövzu ilə bağlı Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, həkim-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Yeganə Abbasova ilə müsahibəni təqdim edir.

Yeganə xanım, əvvəllər cəmiyyətdə meyit donorluğunun Azərbaycanda mümkünsüz olduğuna dair müəyyən stereotiplər var idi. Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi olaraq bu baryeri necə aşdınız?

- Əsas çətinliklərdən biri ailələrin meyit donorluğuna razılıq verməkdə tərəddüd etməsi idi. Bu, əslində, çox həssas və psixoloji baxımdan çətin məsələdir. İnsan yaxınını itirdiyi bir vaxtda ondan orqan donorluğu ilə bağlı qərar verməsini istəmək asan deyil. Ona görə də, biz anlayırdıq ki, bu baryeri aşmaq üçün ilk növbədə cəmiyyətdə düzgün məlumatlandırma aparılmalı, mövcud stereotiplər aradan qaldırılmalıdır. Görülən işlərin nəticəsində çox təsirli bir hadisə yaşandı. Beyin ölümü diaqnozu qoyulmuş dializ xəstəsinin yaxınları orqanların köçürülməsinə razılıq verdilər. Dünyanın ən inkişaf etmiş ölkələrində belə qanunvericiliyin qurulması, beyin ölümü protokollarının tətbiqi və ictimai maarifləndirmə onilliklər çəkib. Biz isə Koordinasiya Mərkəzi yaradılandan cəmi iki il sonra bu mühüm nəticəyə nail olduq və bir çox ölkələrin illərlə keçdiyi başlanğıc mərhələsini uğurla adladıq.

Kiçik yaşlı uşağın hansı orqanları yetkin insana köçürülə bilər? - Yeganə Abbasova ilə müsahibə - foto 1

Cəmiyyətdə orqan bağışlanmasının qarşısını alan başlıca stereotiplər və yanlış düşüncələr nələrdir? İnsanları bu addımı atmaqdan daha çox nə çəkindirir?


- Ən çox rastlaşdığımız yanlış təsəvvürlərdən biri budur ki, insan könüllü donor olarsa, həkimlər onun həyatını xilas etmək üçün əvvəlki kimi mübarizə aparmayacaqlar. Bu, tamamilə yanlış yanaşmadır və xüsusilə qeyd etmək istəyirəm ki, belə bir halın baş verməsi üçün heç bir əsas yoxdur. İlk növbədə, donor olmaqla bağlı məlumatların məxfiliyini təmin edən mexanizm mövcuddur. Şəxsin donor olması vahid informasiya sistemində qorunur və onlara yalnız səlahiyyətli şəxslərin çıxışı var. Digər mühüm məqam ondan ibarətdir ki, Koordinasiya Mərkəzinin koordinatorları həmin pasiyentin müalicə prosesində iştirak etmirlər. Reanimatoloqlar və digər həkimlər son ana qədər pasiyentin həyatını xilas etmək üçün bütün zəruri tibbi tədbirləri görürlər. Yalnız beyin ölümü diaqnozu müəyyən olunmuş qaydada qoyulduqdan və iki dəfə təsdiqləndikdən sonra orqan donorluğu məsələsi gündəmə gələ bilər. Əslində, cəmiyyətə çatdırmaq istədiyimiz əsas mesaj da budur: orqan donoru olmaq insanın həyatının xilas edilməsi üçün aparılan mübarizəyə heç bir halda mane olmur.

Meyit donorluğunun həyata keçirilməsi üçün ilk və ən vacib şərtlərdən biri "beyin ölümü" diaqnozunun təsdiqlənməsidir. Bu diaqnoz tibbi və hüquqi baxımdan necə müəyyən olunur?

- Beyin ölümü — baş beynin və beyin kötüyü funksiyalarının tam və geridönməz şəkildə dayanmasıdır. Bu, koma deyil, tibbi və hüquqi baxımdan ölüm deməkdir. Ən çox verilən suallardan biri ürəyin döyünməsinə baxmayaraq insanın necə vəfat etmiş sayılmasıdır. Səbəb odur ki, ürək öz sinus düyünü hesabına hələ bir müddət döyünə, süni tənəffüs aparatı isə ağciyərlərə hava ötürə bilər. Lakin beyin və beyin kötüyünün bütün funksiyaları geridönməz şəkildə dayandığı üçün insanın şüuru və müstəqil nəfəsalma qabiliyyəti artıq bərpa oluna bilməz. Azərbaycanda ölüm anının təyini Səhiyyə Nazirliyinin 2018-ci il qərarı ilə tənzimlənir. Həmin qərara əsasən, ən azı beş il öz ixtisası üzrə iş təcrübəsi olan iki mütəxəssis həkim -reanimatoloq, nevropatoloq və ya neyrocərrah tərəfindən süni tənəffüs aparatına qoşulmuş, ürək fəaliyyəti davam edən komatoz pasiyentdə beyin ölümü klinik olaraq təsdiqləndikdə, bu hal artıq bioloji ölüm hesab edilir. Beyin ölümü təsdiqlənmiş xəstənin aparatda saxlanılması iqtisadi və tibbi baxımdan məqsədəuyğun deyil, çünki bu, həyatda qalmaq şansı olan başqa bir ağır xəstənin reanimasiya çarpayısı ilə təmin olunmasına mane ola bilər. Diaqnozun vaxtında qoyulması həm tibbi etikaya, həm də resursların düzgün bölgüsünə xidmət edir.

Kiçik yaşlı uşağın hansı orqanları yetkin insana köçürülə bilər? - Yeganə Abbasova ilə müsahibə - foto 2

Yeganə xanım, hər könüllü donor olmaq istəyən şəxs sonradan real donor ola bilirmi, bunun üçün tətbiq olunan tibbi şərtlər hansılardır?


- Xeyr, könüllü donor kimi qeydiyyatdan keçmək həm də orqanların mütləq bağışlanacağı anlamına gəlmir. Məsələn, 10 milyonluq əhalinin hamısı donor kimi qeydiyyatdan keçsə belə, bu, hər kəsin real donor olacağı demək deyil. Bunun üçün ilk növbədə insana beyin ölümü diaqnozu qoyulmalıdır- yəni şəxs reanimasiya şəraitində, süni tənəffüs aparatına qoşulu vəziyyətdə olmalı və həkimlər tərəfindən beyin ölümünün baş verdiyi təsdiqlənməlidir. Bu baş verərsə, orqanlar sağlam olmalıdır. Ona görə də, qeydiyyatdan keçmək gələcəkdə mütləq donor olacağınız anlamına gəlmir. Bu, sadəcə, insanın öz ölümündən sonra orqanlarının bağışlanmasına verdiyi könüllü razılıqdır. Biz bunu arzulaya bilərik, amma bu xeyirxah əməl, həqiqətən də, heç də hamıya nəsib olmur.

Yeganə xanım, transplantasiya əməliyyatının uğurla nəticələnməsinin və orqanın orqanizm tərəfindən qəbul edilməsinin əsas zəmanəti nədir?

- Transplantasiya əməliyyatının uğurlu olması üçün təkcə əməliyyatın özü kifayət etmir. Ən vacib məqamlardan biri də əməliyyatdan sonra xəstənin özünə diqqət etməsi və həkimin təyin etdiyi dərmanları vaxtlı-vaxtında, heç bir fasilə vermədən qəbul etməsidir. Xüsusilə immunitet sisteminin köçürülən orqanı yad cisim kimi qəbul edib onu rədd etməsinin qarşısını alan dərmanlar var. Bu dərmanlar immunosupressiv preparatlar adlanır. Bu dərmanların qəbulu immun sistemi zəiflətdiyi üçün xəstə bakterial viral və digər infeksiyalara əvvəlki kimi müqavimət göstərə bilmir. Bu səbəbdən özünü qorumalıdır. Bəzən insan özünü çox yaxşı hiss edir və düşünür ki, artıq dərmanları azaltmaq və ya dayandırmaq olar. Amma bu, çox təhlükəlidir. Ona görə də deyərdim ki, transplantasiya bir günlük əməliyyat deyil, ömürlük məsuliyyətdir.

Kiçik yaşlı uşağın hansı orqanları yetkin insana köçürülə bilər? - Yeganə Abbasova ilə müsahibə - foto 3

Meyitdən donor olaraq orqan götürüləndə yaş xüsusiyyətləri də uyğun olmalıdır? Məsələn, orta yaşlı bir xəstəyə uşaq orqanı donor kimi köçürülə bilərmi?


- Burada hər şey köçürüləcək orqanın növündən və ölçülərinin xəstənin bədəninə nə qədər uyğun gəlməsindən asılıdır. Məsələn, uşaq donorun böyrəyini yetkin insana köçürmək olur. Xüsusilə kiçikyaşlı uşaqlarda orqanın ölçüsü və damar uyğunluğu diqqətlə yoxlanılır, hətta bəzi hallarda uşağın hər iki böyrəyi birlikdə bir yetkin xəstəyə köçürülür. Eynilə, uşaq donorun qaraciyərini, yaxud qaraciyərin bir hissəsini də böyük insana köçürmək mümkündür. Amma ürəyə gəldikdə vəziyyət fərqlidir. Çünki ürək orqanizmin nasos funksiyasını yerinə yetirir - onun əsas işi bütün bədəndəki orqanlara qan vurmaq, onları qidalandırmaqdır. İnsanın bədəni böyüdükcə, orqanizmin qana və oksigenə olan tələbatı da artır. Tutaq ki, 30 kiloqramlıq kiçik bir bədən üçün işləyən uşaq ürəyi 70 kiloqramlıq böyük bir bədənin tələb etdiyi qanı vura bilməyəcək. Ona görə də ürək nəqlində çəki və boy uyğunluğu həlledicidir.

Yeganə xanım, dediyiniz kimi, bəzən ailələr beyin ölümü baş verən yaxınlarının orqanlarının bağışlanmasına tərəddüdlə yanaşırlar. Belə həssas anlarda onlarla psixoloji iş və maarifləndirmə necə qurulur?

- Bu, bizim işimizin ən həssas və ən çətin tərəflərindən biridir. Belə məqamlarda ailənin hisslərini, psixoloji vəziyyətini nəzərə almaq, onlara anlayışla yanaşmaq çox vacibdir. Beyin ölümü diaqnozu qoyulmuş şəxsin yaxınlarının reaksiyaları da fərqli olur. Tərəddüd edənlər var, heç düşünmədən razılıq verənlər var. Elə ailələr olur ki, “Əgər bizim yaxınımızın orqanları kiməsə həyat verəcəksə, buna razıyıq” deyirlər. Bunu böyük savab bilən, mərhumun ruhu üçün ən xeyirli əməl sayan ailələr də var. Belə ailələrin qərarı, həqiqətən, çox böyük xeyirxahlıq və insanpərvərlik nümunəsidir. Biz donor ailələrinin məxfiliyini qoruyuruq, yalnız özləri istədikdə adları açıqlanır. Orqan donorluğu məcburiyyət deyil, könüllü verilən qərardır. Amma istəyərdik ki, insanlar bu qərarın arxasında nə qədər böyük bir həyat ümidi dayandığını da bilsinlər. Bəzən bir ailənin verdiyi razılıq eyni anda bir neçə insana yenidən yaşamaq şansı verə bilər.

Kiçik yaşlı uşağın hansı orqanları yetkin insana köçürülə bilər? - Yeganə Abbasova ilə müsahibə - foto 4

Sümük iliyi transplantasiyası da ölkədə xüsusi ehtiyac duyulan həyati sahələrdəndir. Bu istiqamətdə Mərkəz tərəfindən koordinasiya necə həyata keçirilir və xəstə bazası necə nəzarətdə saxlanılır?


- Sümük iliyi transplantasiyası xüsusilə uşaqlar üçün həyati əhəmiyyət daşıyır. Əsas məqsədimiz odur ki, heç bir vətəndaşımız donor çatışmazlığı və ya maddi imkansızlıq səbəbindən bu müalicədən kənarda qalmasın. 2023-cü ildən icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilən bu əməliyyatların illik limiti 2026-cı ilin iyunundan 20-dən 50-yə çatdırılıb. Ailəsində uyğun donor tapılmayan uşaqlar isə 2023-cü ildən həyata keçirilən sümük iliyi transplantasiyası xidmətlərinin təkmilləşdirilməsi layihəsi çərçivəsində müayinə olunur, qan nümunələri Anadolu Sağlıq Mərkəzinə göndərilir və "TürkKök" vasitəsilə uyğun donor tapıldıqda əməliyyat üçün Türkiyəyə yola salınırlar. Dövlət rəhbərliyinin, xüsusilə Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz diqqət və qayğısı nəticəsində bu günə qədər 121 uşaq şəfa tapıb.

Koordinasiya Mərkəzi olaraq müalicənin bütün mərhələlərində ailələrin yanındayıq. Türkiyədə müalicə alan uşaqların valideynlərinin qalmaq və qidalanma xərcləri dövlət tərəfindən qarşılanır. Mütəmadi ziyarətlərimiz zamanı həm tibbi, həm də məişət qayğıları ilə maraqlanırıq - məsələn, son səfərimizdə uşaqların otel yeməklərinə alışa bilmədiyini görərək rəhbərliklə razılaşıb anaların özlərinin yemək hazırlaması üçün mətbəxdə xüsusi yer ayrılmasına nail olduq. Çünki bu çətin dövrdə ailələrin özlərini tək hiss etməməsi və kiçik bir qayğısının belə həll olunması müalicə prosesinin vacib hissəsidir.

Yeganə xanım, Koordinasiya Mərkəzi yaradılanda qarşıya qoyulan başlıca hədəflər nə idi və ötən dövr ərzində bu hədəflərin hansı səviyyədə öhdəsindən gəldiniz?

- Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi yaradılanda qarşımızda duran əsas məqsəd orqan donorluğu sahəsində vahid bir sistem qurmaq idi. Bizim əsas hədəfimiz reanimasiya şöbələri, cərrahları, koordinatorları bir komanda kimi birləşdirmək, eyni zamanda hüquqi bazanı möhkəmləndirmək və cəmiyyəti bu mövzuda doğru maarifləndirmək idi. Ötən dövr ərzində bu istiqamətdə xeyli yol qət etmişik. İlk növbədə vahid informasiya sistemi yaradıldı. Digər vacib addım 2023-cü ildə beyin ölümü diaqnozu ilə bağlı vahid tibbi protokolun təsdiqlənməsi oldu. Həkimlərimiz üçün təlimlər keçdik, hətta bu mövzunu gənc reanimatoloqların tədris proqramına da daxil etdik ki, bütün ölkədə bu diaqnoza eyni standartla yanaşılsın. Paralel olaraq universitetlərdə tələbələrlə görüşdük, insanlara bu işin mahiyyətini izah etməyə çalışdıq. 2025-ci ildə ölkəmizdə ilk dəfə meyit donordan orqan götürülməsi baş tutdu. Bu, bizim üçün illərlə çəkilən əziyyətin, qurulan sistemin böyük bəhrəsi idi.

Kiçik yaşlı uşağın hansı orqanları yetkin insana köçürülə bilər? - Yeganə Abbasova ilə müsahibə - foto 5

İlin sonu ənənəvi olaraq hesabat dövrüdür. Cari il Mərkəz üçün hansı əlamətdar hadisələr və rəqəmlərlə yadda qaldı?


- Cari ildə ölkə daxilində və xaricdə məhsuldar görüşlər keçirdik. Ölkəmizdə ürək nəqlinin birinci ildönümünü "Ürək nəqli həftəsi" ilə qeyd edərək transplantasiyanın gələcəyini müzakirə etdik. Hüquqşünas Sevda Kərimova ilə hazırladığımız araşdırmanı Portuqaliyadakı 18-ci Dünya Bioetika, Tibb Etikası və Tibb Hüququ Konqresində, həmçinin Bakıdakı Beynəlxalq Tibbdə Hüquq və Etika konfransında təqdim etdik. Beynəlxalq əməkdaşlıq sahəsində də mühüm işlər gördük, Azərbaycan–Belarus əlaqələrini müzakirə etdik, "Eurotransplant" Cəmiyyəti ilə onlayn görüşlər keçirdik və Türk Dünyası Parlamentarilər Vəqfinin Elmi Şurası ilə Anlaşma Memorandumu imzaladıq. Qazaxıstanın Rudnıy və Medikara xəstəxanalarının nümayəndə heyəti ilə təcrübə mübadiləsi apardıq. Görülən işlərin, həyata keçirilən uğurlu əməliyyatların və donorluq təşəbbüslərinin ən böyük nəticəsi isə daha çox insana yeni həyat bəxş etməyimiz oldu.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO