
- A-
- A
- A+
Bizim.Media yazdı – Hövsan sahilində dəniz suyu 2 saata təmizləndi – Video
Bakının Hövsan qəsəbəsində dəniz suyunun qəhvəyi rəng alması ilə bağlı materila dərc etmişdik. Yayılan görüntülərdən sonra ərazidə müvafiq tədbirlər görülüb.
Belə ki, Bizim.Media-nın məsələni gündəmə gətirməsindən sonra aidiyyəti qurumlar hərəkətə keçib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əraziyə əməkdaşlar göndərdiyi bildirilmişdi.
Cəmi iki saat sonra isə dəniz suyunun təmizlənməsi ilə bağlı görülən işlərin görüntüləri redaksiyamıza təqdim olunub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Bizim.Media-ya bildirilib ki, Xəzər dənizinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisindən keçən sahil xəttində dəniz suyunun tünd rəngə çevrilməsi ilə bağlı yayılan iddialar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (bundan sonra – Xidmət) tərəfindən səlahiyyətləri çərçivəsində araşdırılıb:
“Araşdırma çərçivəsində sözügedən əraziyə yerində baxış keçirilmiş, ilkin müşahidələr zamanı suyun səthində boya maddələrinə xas rəng əlamətləri və spesifik qoxu müəyyən edilməyib. Suyun rəngində müşahidə olunan dəyişikliklərin mövsümi amillərin təsiri nəticəsində fitoplanktonların bioloji fəaliyyətində baş verən təbii proseslərlə əlaqədar ola biləcəyi ehtimal edilir.
Buna baxmayaraq, dəniz suyunun rənginin dəyişməsinə səbəb olan amillərin dəqiq müəyyən edilməsi, habelə mümkün çirklənmə hallarının qiymətləndirilməsi məqsədilə müvafiq ərazidən su nümunələri götürülərək laborator müayinələrin aparılması üçün Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriyaya təqdim edilib.
Laborator müayinələrin nəticələri əldə olunduqdan və təhlil edildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək”.
Xatırladaq ki, Hövsan sahilində dəniz suyunun qəhvəyi rəng alması sakinlərin ciddi narahatlığına səbəb olmuşdu.
Ərazidə uzun müddətdir boruların çəkilməsi və sualtı işlərin aparılması, suyun rənginin dəyişməsinin də bu işlərlə bağlı ola biləcəyi ehtimalını gündəmə gətirmişdi.
Alçina Amilqızı, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































