
- A-
- A
- A+
Yalçın Camalov: “Dincə qoyulan torpaqlara görə 3,5 milyon manat subsidiya ödənilib”
"Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlı dövlət proqramının icrası istiqamətində Maliyyə Nazirliyi tərəfindən əlavə vəsaitlər ayrılıb. Bu güzəştlərin ilin sonuna qədər 30 milyon manata çatacağını proqnozlaşdırırıq”.
Bizim.Media xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov Dövlət-Biznes Əməkdaşlığı Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, ilk dəfə olaraq cari ildə dincə qoyulan torpaqlara görə fermerlərə subsidiya ödənilib:
"Bu il dincə qoyulan torpaqlara görə 3,5 milyon manat subsidiya ödənilib".
Sədr qeyd edib ki, cari ildən subsidiyaların avans şəklində ödənilməsi mexanizmi də tətbiq olunur:
"Bu mexanizm Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindəki məlumatlar əsasında aparılan skorinq nəticəsində fermerlərin əldə etdikləri reytinq ballarına əsaslanır. 30 baldan yuxarı nəticə göstərən fermerlərə subsidiyaların daha erkən, avans şəklində ödənilməsi mümkün olacaq".
Agentlik sədri damazlıq heyvanların alınmasına dövlət dəstəyindən də danışıb.
O bildirib ki, bu sahədə fermerlərin əldə etdikləri cins damazlıq heyvanların dəyərinin 60 faizi dövlət tərəfindən qarşılanır.
Yalçın Camalov vurğulayıb ki, cari ildə 5803 baş damazlıq heyvanın alınmasına görə dövlət tərəfindən 24 milyon manat güzəşt ayrılıb.
Günay Şahmar, Tural Xəlil, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































