Azərbaycan-Vyetnam münasibətlərinin tarixi kökləri və gələcək perspektivləri

Azərbaycan-Vyetnam münasibətlərinin tarixi kökləri və gələcək perspektivləri

Hazırda oxunan: Azərbaycan-Vyetnam münasibətlərinin tarixi kökləri və gələcək perspektivləri
648588
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dəyişən beynəlxalq münasibətlər sistemi dövlətlər qarşısında yeni əməkdaşlıq imkanları yaratmaqla yanaşı, xarici siyasətdə tərəfdaşlıq coğrafiyasının genişləndirilməsini də zəruri edir. Azərbaycan da bu reallıqları nəzərə alaraq ənənəvi dostluq münasibətlərinə malik ölkələrlə əlaqələrini yeni istiqamətlər üzrə inkişaf etdirir. Bu baxımdan Cənub-Şərqi Asiyanın dinamik iqtisadiyyatlarından birinə sahib Vyetnamla münasibətlər xüsusi diqqət çəkir.

Təxminən 70 illik tarixə malik Azərbaycan-Vyetnam əlaqələri ənənəvi dostluq çərçivəsini aşaraq strateji tərəfdaşlıq mərhələsinə yüksəlib. Energetika, ticarət, nəqliyyat, investisiya, müdafiə sənayesi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaranan imkanlar iki ölkənin qarşılıqlı maraqlarının getdikcə daha da yaxınlaşdığını göstərir.

Bu baxımdan, Prezident İlham Əliyevin noyabrın 19-21-də Vyetnama rəsmi səfəri də münasibətlərin inkişafında tarixi addım olacaq. Səfər çərçivəsində dövlət başçılarının görüşü, yeni sənədlərin imzalanması və Birgə Bəyanatın qəbul edilməsi nəzərdə tutulur.

Azərbaycan-Vyetnam münasibətlərinin tarixi kökləri 

Azərbaycan-Vyetnam münasibətlərinin tarixi 1959-cu il iyulun 23-də Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfərinə qədər uzanır. Həmin dövrdə Xəzər dənizindəki neft platformaları və “Neft Daşları” ilə tanış olan Ho Şi Min Vyetnamın dəniz neftinin hasilatında Azərbaycan mütəxəssislərinin təcrübəsindən yararlanmaq niyyətini ifadə etmişdi.

Bu istək sonradan real əməkdaşlığa çevrildi. 1981-ci ildə yaradılan “Vietsovpetro” birgə müəssisəsinin fəaliyyətində 2 minədək azərbaycanlı neftçi iştirak edərək Vyetnamın neft sənayesinin inkişafına mühüm töhfə verdi. 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnama səfəri də əlaqələrin möhkəmlənməsinə yeni təkan verdi.

Diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, tərəfdaşlığın tarixi kökləri daha qədimdir. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama, Vyetnam Prezidenti Çıonq Tan Şanqın isə 2015-ci ildə Azərbaycana səfərləri münasibətlərin inkişafında yeni mərhələ açdı.

Bu prosesin ən mühüm nəticəsi 2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri zamanı Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın imzalanması oldu. Bununla iki ölkə arasında tarixi dostluq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi.

Strateji tərəfdaşlıq iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açır

Azərbaycan və Vyetnam arasında 30-dan çox əməkdaşlıq sənədi imzalanıb. Hökumətlərarası Komissiya, XİN-lərarası siyasi məsləhətləşmələr və parlamentlərarası əlaqələr tərəfdaşlığın institusional əsaslarını təşkil edir.

İki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsi əsas prioritetlərdəndir. Məlumat üçün qeyd edək ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 223,93 milyon dollar təşkil edib. 2025-ci ilin yekunlarına dair digər göstəricidə isə bu rəqəm 153,41 milyon dollara bərabər olub. Mövcud potensialın daha səmərəli reallaşdırılması üçün ticarətin şaxələndirilməsi və qeyri-neft məhsullarının qarşılıqlı ixracının artırılması vacibdir.

Bu istiqamətdə sahibkarlar arasında əlaqələrin gücləndirilməsi də diqqət mərkəzindədir. 2025-ci ildə Azərbaycan KOBİA ilə Vyetnamın Milli Sahibkarlıq Assosiasiyası arasında Birgə Biznes Şurasının yaradılmasına dair memorandum imzalanıb. Həmin ilin iyulunda Hanoyda şuranın ilk iclasının və biznes forumunun keçirilməsi iqtisadi əməkdaşlığın praktiki müstəviyə keçirilməsi baxımından əhəmiyyətli olub.

2026-cı ilin oktyabrında Vyetnamın vitse-prezidenti Vo Thi Anh Xuanın Azərbaycana səfəri zamanı da ticarət, investisiyalar, nəqliyyat-logistika və bərpaolunan enerji məsələləri müzakirə edilib. Ardınca Vyetnamın sənaye və ticarət nazirinin müavini Phan Thi Thangın Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşündə iqtisadi əlaqələrin genişləndirilməsi və yeni investisiya imkanları nəzərdən keçirilib.

Energetika və nəqliyyat əməkdaşlığın əsas dayaqları rolunda

İki ölkə arasında tarixi əməkdaşlıq sahəsi olan energetika bu gün də strateji tərəfdaşlığın əsas istiqamətlərindəndir. 2019-cu ildə SOCAR ilə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” şirkəti arasında müqavilənin imzalanması, 2025-ci ildə isə SOCAR ilə “PetroVietnam” arasında Anlaşma Memorandumunun mübadiləsi əlaqələrin inkişafına yeni imkanlar yaradıb.

Əməkdaşlıq neft-qaz yataqlarının kəşfiyyatı, hasilat, texniki xidmətlər və mütəxəssis hazırlığını əhatə edir. Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ildən bəri Vyetnama 1,1 milyon tondan çox xam neft tədarük edilib.

Bununla yanaşı, tərəflər yaşıl enerji sahəsində də qarşılıqlı investisiyalarda maraqlıdırlar. Günəş və külək enerjisi layihələri, neft emalı, neft-kimya və mayeləşdirilmiş təbii qaz təchizatı əməkdaşlığın perspektivli istiqamətləridir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Vyetnamın “ROX Group” şirkəti ilə tikinti və bərpaolunan enerji layihələri üzrə memorandumların imzalanması bu marağın real nəticəsidir.

Nəqliyyat-logistika sahəsində də ciddi potensial mövcuddur. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşməsi Vyetnam məhsullarının Avropa və digər bazarlara çıxarılması üçün alternativ imkanlar yaradır. 2026-cı ilin yanvar-sentyabr aylarında Vyetnamla əlaqəli tranzit daşımalarının həcminin təxminən 6 dəfə artaraq 8,3 min tona çatması bu istiqamətdə əməkdaşlığın genişləndiyini göstərir.

Birbaşa aviareyslərin yaradılması və logistika bağlantılarının yaxşılaşdırılması da müzakirə olunan məsələlərdəndir. Bu addımlar yalnız yükdaşımaların deyil, turizm və işgüzar əlaqələrin inkişafına xidmət edir.

Müdafiə sənayesi və humanitar əlaqələr

Azərbaycan-Vyetnam tərəfdaşlığının yeni istiqamətlərindən biri müdafiə sənayesidir. Prezident İlham Əliyev 2025-ci ildə  Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə mətbuata bəyanatında hər iki ölkənin bu sahədə potensialının olduğunu və birgə müəssisələrin yaradılmasının qarşılıqlı fayda verə biləcəyini bildirib.

2025-ci ildə müdafiə sahəsində əməkdaşlığa dair sənədin imzalanması, Vyetnamın müdafiə naziri Phan Van Giangın Azərbaycan nümayəndə heyəti ilə görüşündə hərbi təlim, mina təmizlənməsi, hərbi ticarət və texniki təminat məsələlərinin müzakirəsi bu istiqamətdə konkret əməkdaşlıq imkanlarının mövcudluğunu göstərir.

Humanitar əlaqələr isə münasibətlərin tarixi özəlliyini qoruyub saxlayır. Sovet dövründə Azərbaycanın ali məktəblərində 5 minə yaxın vyetnamlı təhsil alıb. Onların bir çoxu bu gün Vyetnamda dövlət idarəçiliyi, elm, ordu və iqtisadiyyat sahələrində rəhbər vəzifələr tutur.
Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələr də xüsusi əhəmiyyət daşıyır.

Fondun 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək verməsi, 2025-ci ildə Leyla Əliyevanın səfəri çərçivəsində təhsil müəssisələrinə maliyyə yardımı göstərilməsi iki xalq arasında humanitar münasibətlərin möhkəmlənməsinə xidmət edir.

Mədəni əlaqələrin inkişafında Qara Qarayevin “Vyetnam süitası”nın Vyetnamda təqdim edilməsi, kinorejissor Əjdər İbrahimovun irsinin təbliği, eləcə də 2023-cü ildən keçirilən Vyetnam Günləri də mühüm yer tutur.

Beynəlxalq platformalarda qarşılıqlı dəstək

Azərbaycan və Vyetnam BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində də əməkdaşlıq edirlər. Vyetnamın 44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüququn prinsiplərinə uyğun mövqe nümayiş etdirməsi ölkəmizdə yüksək qiymətləndirilir.

2026-cı ilin oktyabrında Vyetnam vitse-prezidentinin AQEM-in VII Zirvə Görüşündə iştirakı və Azərbaycanın təşkilata sədrliyinin müddətinin uzadılmasına dəstək verməsi siyasi dialoqun davamlılığını göstərir.

Turizm əlaqələrinin genişləndirilməsi, adi pasport sahibləri üçün vizasız rejimin tətbiqi və birbaşa hava əlaqələrinin yaradılması da gündəmdədir. Bu təşəbbüslərin reallaşması qarşılıqlı biznes əlaqələrini, investisiya təmaslarını və insanlar arasında ünsiyyəti daha da intensivləşdirə bilər.

Yeni mərhələnin əsas hədəfi

Beləliklə, Azərbaycan-Vyetnam münasibətləri tarixi dostluq ənənələrindən strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək daha geniş əməkdaşlıq gündəliyi formalaşdırır. 2025-ci ildə To Lamın Azərbaycana səfəri zamanı əldə olunan razılaşmalar münasibətlərin siyasi çərçivəsini müəyyənləşdiribsə, 2026-cı ilin oktyabrında keçirilən yüksək səviyyəli görüşlər bu tərəfdaşlığın yeni istiqamətlər üzrə inkişafına təkan verib.

Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri isə mövcud razılaşmaların icrası, yeni təşəbbüslərin irəli sürülməsi və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Əsas hədəf siyasi etimadı konkret investisiya layihələrinə, birgə istehsala, artan ticarət dövriyyəsinə və yeni nəqliyyat bağlantılarına çevirməkdir. Tarixi dostluğumuzun bu gün İlham Əliyevin və Vyetnam rəhbərliyinin praqmatik siyasəti ilə yeni məzmun qazanması Azərbaycan üçün Cənub-Şərqi Asiyada, Vyetnam üçün isə Cənubi Qafqaz və Avrasiya məkanında əməkdaşlıq imkanlarını genişləndirir.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO