
- A-
- A
- A+
Azərbaycanda ilk dəfə - Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirildi – Foto
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Məşğulluq həftəsi” çərçivəsində ölkəmizdə ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib.
Bizim.Media xəbər verir ki, “İmkanlar və inam” devizi ilə keçirilən tədbirin açılışında hökumət rəsmiləri, sosial tərəfdaşların, o cümlədən özəl sektorun nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.
Forum dövlət qurumları ilə özəl sektor arasında əmək və məşğulluq sahəsində birbaşa dialoqu gücləndirmək, qarşılıqlı etimadı daha da artırmaq, yeni tərəfdaşlıq imkanları yaratmaq, biznes subyektlərinin dövlət dəstəyi mexanizmləri, mövcud güzəştlər və təşviq alətləri barədə məlumatlılığını artırmaq, əmək bazarında aktual məsələləri müzakirə edərək birgə həll yollarını müəyyən etmək məqsədi daşıyıb.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən sosial islahatlar çərçivəsində əmək bazarının müasir çağırışlarına uyğun olaraq dövlət məşğulluq siyasətinin də əhəmiyyətli islahat dövrü keçdiyini diqqətə çatdırıb.
O, əhalinin məşğulluğunun təminatında işəgötürənlərin rolunu, Nazirliyin işəgötürənlərlə münasibətləri daha çox xidmət modeli əsasında quraraq onlarla əməkdaşlığın daha da güclənməsinə nail olduğunu qeyd edib.
İşəgötürənlərlə birgə təşkil edilən aktiv məşğulluq proqramlarını diqqətə çatdıran nazir son illərdə işlə təmin olunanların illik sayının 3,4 dəfə, özünüməşğulluq proqramına cəlb olunanların sayının 5,7 dəfə, peşə hazırlığına cəlb olunanların sayının 4,1 dəfə, kvota üzrə işlə təmin olunanların sayının 2,6 dəfə, əməkhaqqının birgə maliyyələşməsi proqramına cəlb olunanların sayının 3,5 dəfə artdığını deyib.
Anar Əliyev qeyri-formal məşğulluğun azaldılması işlərini, özəl sektorda bu ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən əmək müqavilələrinin sayının 59 min artdığını qeyd edib.
Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarəti sahəsində Nazirliyin işəgötürənlərlə daha çox sosial dialoqun inkişaf etdirilməsinə, biznesə metodiki dəstək göstərməyə önəm verdiyini, əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərin də bunu təsdiq etdiyini diqqətə çatdırıb.
O, “Əmək və Məşğulluq” altsisteminin, “DOST müfəttiş” və “Nümunəvi müəssisə” layihələrinin işəgötürənlər üçün əhəmiyyətini vurğulayıb.
Əmək qanunvericiliyinin əmək bazarının tələblərinə uyğunlaşdırılması, işçilərin əmək hüquqlarının daha effektiv qorunması üçün aparılan işləri diqqətə çatdırıb, keçirilən bu forumun uğurlu nəticələr verəcəyinə əminliyini bildirib.
Tədbirdə həssas qruplarla bağlı məşğulluq proqramlarının icrasında aktiv iştirak edən sosial tərəfdaşlar mükafatlandırılıb. Gənclər və qadınların, müharibə veteranlarının, şəhid ailəsi üzvlərinin və əlilliyi olan şəxslərin məşğulluğunun təminatına verdikləri mühüm töhfələrə görə 5 özəl sosial tərəfdaşa mükafatlar təqdim edilib.
Forum çərçivəsində “İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları”, “Qurumların fəaliyyəti, işəgötürənlərlə əməkdaşlıq və əmək bazarının aktual məsələləri” və “Biznes birliklərinin əmək bazarındakı rolu, sosial məsuliyyət və birgə təşəbbüslər” mövzularında panel müzakirələri təşkil olunub.
Panellərdə işəgötürənlərin əmək bazarı ilə bağlı gözləntiləri, dövlətin biznes subyektlərinə təqdim etdiyi dəstək və təşviq mexanizmləri, dövlət qurumlarının işəgötürənlərlə əməkdaşlıq istiqamətləri, əmək bazarının aktual çağırışları, biznes birliklərinin məşğulluğun təşviqində rolu, sosial məsuliyyət və dövlət-biznes tərəfdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub.
Günay Şahmar, Tural Xəlil, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































